close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycanın Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illiyi münasibətilə tədbir keçirilib

04-02-2020

Fevralın 4-də Milli Kitabxanada Azərbaycanın Xalq artisti, bəstəkar, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.

         Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən geniş söhbət açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib. Professor çıxışında qeyd edib ki, Polad Bülbülbüloğlu zəngin yaradıcılığa malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri, “Məhəbbət və ölüm” baleti  bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır. Milli Kitabxana tərəfindən bəstəkarın 20-dən artıq musiqisi Petruççi Kitabxanasının saytında yerləşdirilib.

         Prof. Kərim Tahirov Polad Bülbüloğlunun ictimai xadim kimi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, həm mədəniyyət naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin, diplomatiyasının, ölkələrarası münasibətlərin inkişafında, iki ölkənin mədəniyyətinin inteqrasiyasında çox böyük xidmətlər göstərib.

         Sonda prof. Kərim Tahirov Milli Kitabxananın kollektivi adından Polad Bülbüloğluna xoş arzularını bildirərək, yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzu edib.

Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət “Polad Bülbüloğlu – 75” adlı geniş kitab sərgisi ilə tanış olublar.