close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

26-08-2024

Bu gün Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olan Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti,  ölkənin birinci xanımı Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətlərdəndir.

Mehriban Arif qızı Əliyeva 1964-cü ilin avqustun 26-da Bakı şəhərində anadan olub.

1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçmişdir.

1990–1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis etmişdir və hazırda onun rəhbəridir.

1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

2002-ci ildə oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir.

2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilib.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.

“Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Heydər Əliyev Mükafatı, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq” ordeni ilə təltif edilib.

Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi vardır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günü ilə əlaqədar “Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Mehriban Əliyevanın dəyərli fikirləri”, “Görkəmli şəxslər Mehriban Əliyeva haqqında”, “Nəşrlər”, “Mükafatları”, “Mehriban xanım Əliyevanın xalqa qayğısı”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar nümayiş olunur. Elektron məlumat bazasında təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.Eliyeva/index.html linkindən istifadə edə bilərlər.

 

icon

Foto qalereya