close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

11-12-2024

Dekabrın 11-də Milli Kitabxanada TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və digər ölkələrin milli kitabxana direktorlarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr olunmuş kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları və qonaqları salamlayıb. Direktor bildirib ki, 12 dekabr tarixində Müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il ötür. Direktor vurğulayıb ki, dahi şəxsiyyətin hakimiyyətə gəlməsi ölkəmizdə sabitlik yaratdı, xaosa son qoydu və əsaslı quruculuq mərhələsi başladı. Tarixə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin Vətən qarşısında xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan direktor, onun Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına da xüsusi diqqət və qayğısını qeyd edib. Vurğulayıb ki, Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə – yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanmış və böyük çətinliklər dövrünü yaşayan kitabxananın fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.

İlk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etdiyini söyləyən direktor bildirib ki, bu gün həmin kitablar - onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları oxuculara təqdim olunur və bu kitablar mütəmadi olaraq ayrı-ayrı müəssisələrdə, ali təhsil ocaqlarında, regionlarımızda nümayiş etdirilir.

O söyləyib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.

Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin irsinin təbliği istiqamətində Milli Kitabxananın da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini söyləyən prof. Kərim Tahirov son olaraq vurğulayıb ki, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.

Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova Ulu Öndərin nəinki Azərbaycan xalqının, bütün türk dünyasının ictimai-siyasi xadimi olduğunu, məhz onun uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutduğunu söyləyib, Qazaxıstan Milli Kitabxanasında zəngin Azərbaycan fondunun olduğunu və hər il Ulu Öndərin doğum və xatirə gününə həsr edilmiş sərgilərin hazırlandığını diqqətə çatdırıb.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının xilaskar, qurucu, yaradıcı lideri olduğunu bildirib, bu gün sərgidə onunla bağlı nümayiş edilən demək olar ki, bütün kitabların Özbəkistan Milli Kitabxanasında da olduğunu diqqətə çatdırıb.

Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız , Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Türkiyə Milli Kitabxanasının şöbə müdiri Filiz Berna Gültəkin çıxış edərək Ümummilli lider Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə müstəqil Azərbaycan dövlətini qurduğunu, bütün türk dünyasında özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazandığını vurğulayıblar.

Tədbirin davamında “Ümummilli lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Qeyd edək ki, “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – Əbədiyaşar şəxsiyyət”, “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan elektron məlumat bazasında materiallar tam mətnləri ilə 3 dildə nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər  https://anl.az/el/emb/H.Aliyev/index.html linkindən istifadə edə bilərlər.

Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunub.

icon

Foto qalereya