08-05-2019
May ayının 8-də Milli Kitabxanada oxucuların, kitabxana işçilərinin və Xətai rayonu 17 saylı tam orta məktəbin 4e sinif şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı sərginin açılış mərasimi keçirilmişdir.
Tədbiri kitabxananın direktoru prof. Kərim Tahirov açaraq Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, müasir Azərbaycanın inkişafındakı əvəzolunmaz xidmətlərindən, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində aparılan mədəniyyət siyasətindən, milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyərdən geniş söhbət açmış, bildirmişdir ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Professor söyləmişdir ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur. 1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərci-mərcilik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı.
Direktor qeyd etmişdir ki, Ulu öndər 4 dəfə Milli Kitabxanada olmuş, hər gəlişi zamanı bir yenilik gətirmiş və hər birində öz qeydləri, fikirləri olan öz şəxsi kolleksiyasından ibarət kitabları kitabxanamıza hədiyyə etməklə bir növ ziyalılar üçün çağırış edərək kitabxanaya kitab bağışlama ənənəsini yaratmışdır.
Professor söyləmişdirki, Ulu öndər kitabın, kitabxananın qiymətini bilirdi, həmişə kitaba ehtiramla yanaşırdı, onun hər bir sözü örnək olası bir sözdür və onun adı, əməlləri ilə bağlı olan və xalqımıza tövsiyə etdiyi nə varsa onları zaman-zaman gənc nəsillərə nümayiş etdirməliyik.
Direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva, şöbə müdiri Səyyarə Məmmədli ictimai-siyasi və şərəfli fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətini yaradan və onun gələcək inkişaf istiqamətlərini müəyyən edən dahi şəxsiyyətin həyat və fəaliyyətindən, kitabxanaya diqqət və kitabxana işçilərinə qayğısından danışmışlar.
Sonda prof. Kərim Tahirov bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının və kitabxana işçilərinin xatirəsində əbədi yaşayacağını söyləmiş və iştirakçıları dahi şəxsiyyətin Azərbaycan və digər dillərdə olan əsərlərindən və haqqında əsərlərdən ibarət “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” adlı geniş sərgi ilə tanışlığa dəvət etmişdir.
Sərgi bir həftə davam edəcək.