close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi

11-04-2019

Aprelin 11-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Maraqlı insanlarla görüş” Klubunun növbəti məşğələsində Azərbaycanın Xalq yazıçısı, dedektiv roman janrının ən parlaq nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin 60 illik yubileyinə həsr olunmuş görüş keçirildi.

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev çıxış edərək respublikamızda çoxlu sayda beynəlxalq mədəni tədbirlərin keçirildiyini, Azərbaycan Respublikası Prezidentinin mədəniyyət xadimləri ilə görüşlərinin təşkil edildiyini, bunun hələ Ulu Öndər Heydər Əliyevin dövründən başlayan bir ənənə olduğunu söylədi və hal-hazırda da bu ənənənin davam etdirildiyini bildirdi.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Mustafazadəyə 2-ci dərəcəli “Əmək” və  Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Katibi, Xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordenlərini təqdim etdi.

Cənab Nazir çıxışında Azər Mustafayevin Azərbaycan nəşriyyatı və poliqrafiya sahəsindəki xidmətlərindən danışaraq, onun böyük silsilə kitabların ərsəyə gəlməsində böyük rolu olduğunu vurğuladı, XX və XXI əsr Azərbaycan ədəbiyyatının məşhur simalarından biri kimi Çingiz Abdullayevin ədəbiyyatımızı dünyanın bir sıra ölkələrində layiqincə tanıtdığını və əsərlərinin müxtəlif xarici dillərə tərcümə edilərək milyonlarla nüsxələrdə çap edildiyini,  ədəbi fəaliyyətinin və yaradıcılığının Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini söylədi. Cənab Əbülfəs Qarayev mədəniyyət xadimlərinin ali mükafatlarla təltif edilməsinə görə Azərbaycan Respublikası Prezidentinə öz minnətdarlığını bildirdi.

Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycan ədəbiyyatına verilən yüksək qiymətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və çoxsaylı oxucularına təşəkkürünü bildirdi.  Yazıçı son üç gündə altı ölkə tərəfindən mükafatlarla təltif edildiyini, buna baxmayaraq onun üçün ən yüksək mükafatın Azərbaycan dövlətinin verdiyi orden olduğunu söylədi.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Azərbaycan ədəbiyyatı və nəşriyyatı sahəsində xüsusi xidmətləri olan hər iki ziyalının yaradıcılığı və ictimai fəaliyyəti haqqında geniş söhbət açdı.

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov çıxışında Xalq yazıçısı Çingiz Abdullayevin əsərlərinin dünyanın bir sıra ölkələrində sevilə-sevilə oxunduğunu, eləcə də yazıçının kinossenarist kimi fəaliyyətini də yüksək qiymətləndirərək geniş tamaşaçı kütləsi topladığını xüsusi qeyd etdi. Həmçinin Azər Mustafazadənin xidmətlərindən danışan professor onun “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin ərsəyə gəlməsində böyük əməyi olduğunu vurğuladı.

Azərnəşrin baş redaktoru Əlövsət Ağalarov, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, yazıçı-dramaturq Elçin Hüseynbəyli çıxış edərək Azər Mustafazadənin və Xalq yazıçısı Çingiz Abdullayevin ədəbi-ictimai fəaliyyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin mədəniyyətimizə, ədəbiyyatımıza verilən ən böyük qiymət olduğunu bildirdilər. 

Daha sonra tədbir iştirakçıları – Milli Kitabxananın əməkdaşları və oxucuları Xalq yazıçısı Çingiz Abdulleyevə çoxsaylı suallarla müraciət etdilər.

Sonda tədbir iştirakçıları yazıçı ilə xatirə şəkli çəkdirdilər.