close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Aşıq Şəmşir yaradıcılığına həsr edilmiş “Aşıq Şəmşir. Biblioqrafiya”, “Dədə Şəmşir Ərməğanı”, “Dədə Şəmşirin sənət dünyası”, Nağdəli Zamanov. “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” adlı kitabların təqdimatı

25-12-2018

Dekabrın 25-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Aşıqlar Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşir yaradıcılığına həsr edilmiş “Aşıq Şəmşir. Biblioqrafiya”, “Dədə Şəmşir Ərməğanı”, “Dədə Şəmşirin sənət dünyası”, Nağdəli Zamanov. “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” adlı kitabların təqdimat mərasimi keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi, respublikanın Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin həyat və yaradıcılığı, onun ədəbi irsi haqqında geniş söhbət açdı. Professor çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2018-ci ildə Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin respublikamızda böyük təntənə ilə qeyd edildiyini, bu məqsədlə Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunan çoxsaylı kitabların nəşr olunduğunu bildirdi. Natiq çıxışında zəngin Aşıq Şəmşir irsindən bəhs edən bu kitabların zaman keçdikcə tarixə çevriləcəyini, gələcək nəsillərə yadigar qalacağını, tədqiqatçılar üçün dəyərli mənbə olacağını söylədi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, prof. Məhərrəm Qasımlı çıxış edərək 2018-ci ilin Azərbaycan xalqı üçün əlamətdar il olduğunu, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən böyük təntənə ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyini, eyni zamanda Azərbaycan mədəniyyət, incəsənət xadimlərinə, aşıq yaradıcılığına yüksək qiymət verildiyini söylədi. Aşıq sənətinin nümayəndəsi, görkəmli ustad aşıq - Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncama əsasən ölkəmizin bir sıra rayonlarında yubiley tədbirlərinin keçirildiyini, həmçinin Aşıq Şəmşirin Aşıq Ələsgərlə birgə Qazax şəhərində büstünün qoyulduğunu, “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsi çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızısıtan, Şimali Kipr və digər türkdilli ölkələrdən dəvət olunmuş sənətkarlar tərəfindən aşığının sözlərinə ifalar səsləndiyini, gənc aşıqlar müsabiqəsinin təşkil edildiyini, kütləvi informasiya vasitələrində Aşıq Şəmşirin zəngin yaradıcılığını əks etdirən yazıların dərc edildiyini, o cümlədən bir sıra kitabların nəşr olunduğunu bildirən prof. Məhərrəm Qasımlı “Aşıq Şəmşir. Biblioqrafiya” adlı kitabın ərsəyə gəlməsində Milli Kitabxananın xüsusi rolu olduğunu vurğuladı.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək Ulu öndər Heydər Əliyevin “Görkəmli şəxsiyyətlərimizlə bağlı tədbirlərin keçirilməsi, həm də ona xidmət edir ki, onları dünya tanımalıdır” kəlamını xüsusi vurğulayaraq Aşıq Şəmşir irsinin öyrənilməsi və onunla bağlı respublikamızın bütün regionlarında silsilə tədbirlərin təşkil olunmasının təqdirəlayiq olduğunu bildirdi. Professor çıxışında aşıq sənətinə yenilik gətirən, aşıq sənətini zirvələrə qaldıran Aşıq Şəmşir irsinin, yardıcılığının tədqiq olunaraq və əsərlərinin nəşr olunaraq gələcək nəsillərə ötürülməsini xüsusi qeyd etdi.

Daha sonra prof. Şirindil Alışanlı, prof. Tariyel Məmmədov, prof. İsmayıl Məmmədli, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Mirvari Verdiyeva, Nağdəli Zamanov və digər tədbir iştirakçıları Aşıq Şəmşir yaradıcılığı, onun rəngarəng poetik-bədii nümunələrlə əks olunmuş milli folklor xəzinəsini daha da zənginləşdirən söz, sənət xəzinəsi haqqında danışdılar.

Kitabların ərsəyə gəlməsində xüsusi xidmətləri olan şəxslərə minnətdarlıq kimi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Təşəkkürnamə diplomu təqdim edildi.

Sonda tədbir iştirakçıları Milli Kitabxananın zəngin fondundan nümayiş olunan “Aşıq Şəmşir – 125” adlı kitab sərgisi ilə tanış oldular.