close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı kitab sərgisi açılmışdır

03-04-2019

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təcavüzkarları tərəfindən atəşkəs rejimi pozularaq Azərbaycanın cəbhəboyu mövqeləri və yaşayış məntəqələri güclü artilleriya atəşinə məruz qalmışdır. Dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülmüş orden və medallarla təltif olunmuşdur.

Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.

Bu məqsədlə aprel ayının 2-də Milli Kitabxanada “Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı geniş kitab sərgisi açılmışdır. Sərgidə hərbi vətənpərvərlik mövzusunda, milli qəhrəmanlarımız haqqında və onların keçdiyi döyüş yolundan bəhs edən 200-dən çox ədəbiyyat nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.