close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” mövzusunda kitab sərgisi açılıb

10-10-2019

Oktyabr ayının 10-da Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” mövzusunda geniş kitab sərgisi açılıb.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından geniş söhbət açıb,  onun Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadın olduğunu söyləyib. Professor çıxışında qeyd edib ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmində ilk cığırlar açan görkəmli şəxsiyyətlərdən biri olub, qısa ömür sürməsinə baxmayaraq dünya şərqşünaslıq elmində özündən sonra zəngin elmi irs qoyub. Elmi tədqiqatları təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını inkişaf etdirib. Aida İmanquliyevanın elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrlar yetişib, rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib, bir sıra beynəlxalq simpoziumlar, konfranslar, respublika səviyyəli elmi tədbirlər keçirilib. Azərbaycan şərqşünaslıq elmini Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda və bir sıra ölkələrdə layiqincə təmsil edib.

“Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsi olub. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti bu gün dövlətimiz və dövlətçiliyimiz üçün çoxsaylı işlər görür”, -deyə K.Tahirov söyləyib.

Prof. Kərim Tahirov çıxışında Mili Kitabxana tərəfindən Aida İmanquliyeva haqqında 900 mənbə, 240 səhifədən ibarət fundament biblioqrafiyanın hazırlandığını xüsusi qeyd edib.

Daha sonra Milli Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələk Hacıyeva çıxış edərək Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən söhbət açıblar.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgidə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümə etdiyi, redaktoru olduğu, haqqında yazılan kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.