close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “30 oktyabr - Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

30-10-2024

Bu günün tarixi 1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordovia və Perm düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Bu hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.

Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 min nəfəri ziyalılar idi. İntellektual təbəqənin 100 mindən artıq nümayəndəsi - yazıçı və şairlər, mədəniyyət və incəsənət xadimləri, alimlər, pedaqoqlar, hərbçilər, din xadimləri, eləcə də repressiya nəticəsində öldürülmüş ziyalıların ailə üzvləri, qohumları Qazaxıstanın çöllərinə, soyuq Sibirə sürgün ediliblər.

Repressiyaların ilk qurbanları içərisində H.Cavid, M.Müşfiq, T.Şahbazi, Ə.Razi, S.Mumtaz, Y.V.Çəmənzəminli, Ə.Cavad kimi istedadlı, savadlı ziyalılar, həmçinin, Azərbaycan elminə öz böyük töhfələrini vermiş görkəmli alimlər – B.Çobanzadə, Ə.Qubaydulin, Azərbaycan səhnəsinin aparıcı aktyorları – Ülvi Rəcəb və Abbas Mirzə Şərifzadə də var idi.

Azərbaycanda repressiya qurbanlarının xatirəsi həmişə uca tutulub. 1982-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə repressiya qurbanı dahi şair Hüseyn Cavidin nəşinin Sibirin əlçatmaz yerindən tapılıb gətirilməsi bütövlükdə Azərbaycan xalqının öz ziyalısına verdiyi  ali dəyərin təzahürü kimi yaddaşlarda yaşayır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da repressiya qurbanlarının xatirəsi həmişə dövlət səviyyəsində diqqətdə saxlanılır, Stalin repressiyasının qurbanı olmuş tanınmış incəsənət, ədəbiyyat və elm xadimlərinin yubileyləri yüksək səviyyədə qeyd edilir.

Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş “30 oktyabr - Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə Stalin repressiyası, Sovet imperiyasının azərbaycanlılara qarşı repressiya və soyqırım siyasəti, repressiyaya məruz qalmış Azərbaycan xalqının tanınmış yazıçı və şairlərinin, teatr xadimlərinin və digər mütəfəkkir şəxsiyyətlərinin elmi - bədii yaradıcılığı, zindan həyatı və faciəli taleyindan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayış olunur.