close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “28 May – Müstəqillik Günü” ilə əlaqədar tədbir keçirilib

27-05-2024

Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaranmasının 106-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmiş və sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Ümummilli Lider Heydər Əliyevin  “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” sözlərini xatırladan professor Kərim Tahirov onu da əlavə edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev XX əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirərərək demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra biz 28 may gününü “Müstəqillik Günü” kimi qeyd edirik.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Ali Baş Komandan   Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmlənib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi Bütov Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.

Sonda Professor Kərim Tahirov “28 May – Müstəqillik Günü” münasibətilə Azərbaycan xalqını, Azərbaycan dövlətini, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi təbrik edib uğurlar arzulayıb. Qeyd edib ki, bu gün biz də  üzərimizə düşən məsələləri yerinə yetirməklə Azərbaycan dövləti və müstəqilliyi, dövlətin siyasəti haqqında kitabları, Azərbaycanın reallıqları haqqında ədəbiyyatı dünyaya yaymaqla müstəqil Azərbaycanın dünyaya tanıdılmasına, daha sivil, tam müstəqil və bütün torpaqlarının tam sahibi kimi qəbul olunmasına öz dəstəyimizi göstərməliyik.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “28 May – Müstəqillik Günü” ilə əlaqədar eyniadlı virtual və ənənəvi kitab sərgisi də istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cumhuriyyet/index.html  linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, qurucuları, dövlət rəmzləri, müstəqilliyimizin bərpası, müstəqil, azad və bütov Azərbaycan dövlətinin tarixi haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayış edilir.

Sərgi 1 həftə müddətində davam edəcək.

 

icon

Foto qalereya