25-06-2024
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən və ən ciddi sosial bəlalardan biridir.
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunduğu üçün hər il həmin gün ayrı-ayrı dövlətlərin bu sahədə müsbət nəticələrə nail olması, ümumbəşəri problemlə mübarizə üsulları və narkomanlığın müalicə metodlarının təkmilləşdirilməsi barədə beynəlxalq fikir mübadiləsi aparılır və müxtəlif tədbirlər təşkil edilir.
Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulub. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ hüquqi baza yaradılıb və qanunvericilik sistemi təkmilləşdirilib və bu istiqamətdə xeyli işlər görülüb. 2005-ci ildə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”, eləcə də “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahılarının təsdiq edilməsi haqqında qanunlar sözügedən məsələlərlə əlaqədar dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirməklə, bununla əlaqədar mövcud ictimai münasibətlərin hüquqi tənzimlənmə mexanizminin səmərəliliyini artırıb və beləliklə əvvəlki dövrlərdə təcrübədə yaranmış problemlər birdəfəlik həllini tapıb.
Milli Kitabxanada “Ağ ölüm”ə qarşı mübarizənin təbliği məqsədilə “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən sosial bəla haqqında nəşr ediliş ədəbiyyatlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Ənənəvi sərgi 1 həftə davam edəcək.