26-08-2024
31 iyul 2023-cü il tarixində Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalayıb, hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günlərinin təntənəli şəkildə qeyd olunması ilə bağlı göstəriş verib. Sərəncama əsasən, “26 avqust– Laçın şəhəri günü” elan edilib.
Xatırladaq ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur edib. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu qan tökülmədən təhvil verilib. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb.
Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri bu gün yenidən qurulur, inkişaf edir, daha da gözəlləşir. Azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub, şəhərə köçən sakinlərə evlərin açarlarını təqdim edib. Yerli sakinlərin geri qayıdışı isə bu diyarda həyatı canlandırır.
Bu gün münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Təqdim olunan sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgi bir həftə davam edəcək.