25-10-2024
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Dövlət başçısı Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla “25 oktyabr - Qubadlı şəhəri günü” elan olunub.
Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.
Bu tarixi gün münasibətilə Milli Kitabxanada “25 oktyabr - Qubadlı şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, Qubadlı şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/25_oktyabr_Qubadli/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə Qubadlının şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillədə ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.