21-02-2019
Fevral ayının 21-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya, Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin tələbələri, 87 nömrəli tam orta məktəbin 9A sinif şagirdlərinin və kitabxana əməkdaşlarının, oxucuların iştirakı ilə “21 fevral Beynəlxalq Ana Dili Günüdür” adlı geniş kitab sərgisinin açılış mərasimi olmuşdur.
Kitabxananın direktoru prof. Kərim Tahirov tədbiri açaraq YUNESKO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması və təbliği məqsədilə təsis edilmiş bu əlamətdar günün tarixindən danışmış, ana dilimizin müqəddəs sərvətimiz, kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımız olduğunu, dilimizin dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən bir dil olduğunu söyləmişdir. Direktor bildirmişdir ki, tarixin müəyyən dövrlərində dilimiz də düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalmış, çətin sınaqlarla üzləşmiş, lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini qorumağa müvəffəq olmuş, bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətləri az olmamışdır. Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması xalqımızın ümummilli lideri, dilimizin təəssübkeşi, qayğıkeşi olan Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.Məhz onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmiş, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Ümummilli liderin imzaladığı 9 avqust 2001-ci il tarixli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım olmuş, hazırda isə bu ənənə ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin müxtəlif vaxtlarda imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” , “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürü, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramın bariz nümunəsidir.
Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova çıxış edərək söyləmişdir ki, insan cəmiyyətlərini bir-birinə yaxınlaşdıraraq “millət” adı verilən sosial qurumun yaranmasına zəmin hazırlayan, insanları bir araya gətirən, onlar arasında ortaq duyğusal əlaqələr quran vasitələrdən biri də dildir. Hər bir xalqın dili həmin xalqın dövlət kimi formalaşmasında, inkişaf edib tanınmasında mühüm rol oynayan amillərdən biridir. Milli varlığımızın əsas atributlarından olan ana dilimizin xalqın varlığını təmin edən amillərdən biri, millətin, xalqın mənəviyyatının aynası olduğunu vurğulayan direktor müavini Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışmışdır.
Kitabxananın şöbə müdiri, AYB-nin üzvü, şairə Səyyarə Məmmədli ana dilimizə aid şeirini səsləndirmişdir.
Tədbirin sonunda kitabxananın direktoru prof. Kərim Tahirov xalqın hər bir nümayəndəsini dilimizin təmizliyi uğrunda mübarizə aparmağa, onu yad ünsürlərdən qorumağa, ana dilimizə xüsusi diqqət yetirməyə, onu yaşatmağa,hər birimiz üçün müqəddəs olan, babalarımızdan bizə miras qalan bu neməti tam dolğunluğu və gözəlliyi ilə gələcək nəsillərə ötürməyə səsləmiş, iştirakçıları sərgi ilə tanışlığa dəvət etmişdir.
Sərgidə Azərbaycan dilinin tarixi zənginliyini, dil mədəniyyətini əks etdirən kitab və dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur.
Sərgi bir həftə nümayiş ediləcək.