close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18-09-2024

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.  1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb və bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.

Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm   linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, görkəmli bəstəkarlar haqqında, Azərbaycan musiqisinin tarixi,  musiqişünaslıq, milli musiqi mövzusunda  Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya