13-06-2024
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb.
15 iyun Azərbaycanın tarixinə "Milli Qurtuluş günü" kimi düşüb və bu tarix 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Milli Kitabxanada “15 - iyun Milli Qurtuluş Günü” adlı virtual sərgi onlayn rejimde istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.