08-05-2024
Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 105-ci ildönümü tamam olur.
Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu il may ayının 8-də Şuşada anadan olub. Soltan Hacıbəyovun yaradıcılığı xalq sənəti və Üzeyir Hacıbəylinin musiqisi, eləcə də dünya klassik musiqi təcrübəsi zəminində formalaşıb.
Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır.
Yaradıcılığının ilk illərindən başlayaraq uşaqlar üçün musiqi əsərləri yazan Soltan Hacıbəyovun “İsgəndər və Çoban” operası, “Oynaq Topum”, “Laylay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı” mahnıları milli uşaq musiqi ədəbiyyatına gözəl bir töhfə olub. Xalq çalğı alətlərinin orkestrinin müşayiətində səs üçün yazdığı “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” dinləyicilər tərəfindən sevilib. Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün isə bir çox musiqi əsərləri - “Vətən” suitası, “Məzəli rəqs”, “Yumoristik səhnəcik” yazıb.
Soltan Hacıbəyovun yaradıcılığının parlaq səhifələrindən biri də dram teatrı üçün yazdığı musiqidir. Müxtəlif vaxtlarda o, Azərbaycan Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulan pyeslər üçün (“Məhəbbət”, “Kəndçi qızı”, M. İbrahimov; “İnsan”, S. Vurğun; “Eşq və İntiqam”, S. S. Axundov; “Qatır Məmməd”, Z. Xəlil; “Aşnalar”, “Əliqulu evlənir”, S. Rəhman; “Alov”, M. Hüseyn; “Aydın”, C. Cabbarlı və sair) musiqi bəstələyib. Görkəmli bəstəkar Azərbaycan musiqisində özünəməxsus yol açıb, fərdi xüsusiyyətləri ilə digər bəstəkarlardan fərqlənib, yüksək bədii zövqə malik bir sənətkar kimi tanınıb.
Xalq artisti Soltan Hacıbəyоvun anadan olmasının 105 illiyi ilə əlaqədar Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı geniş kitab sərgisi hazırlanıb.
Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.