close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir

15-11-2018

Noyabr ayının 15-də Milli Kitabxanada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlamış və çıxışında “Ailəliklə kitabxanaya” layihəsinin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərinin yetişməsində  böyük rolu olacağını bildirmiş və Milli Kitabxananın digər belə kreativ layihələrin mərkəzi kimi gələcəkdə də bu cür aksiyaları davam etdirəcəyni qeyd etmişdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxışında ideyanın həyata keçirilməsində dəstəkçi olan təşkilatlara öz minnətdarlığını bildirmiş və layihənin məqsədinin cəmiyyətdə ailənin nüfuzunu artırmaq, ailə institutunu qorumaq, onu formalaşdırmaq olduğunu qeyd etmişdir. Aynur Sofiyeva onu da qeyd etmişdir ki, bu layihə vasitəsilə mütaliəyə maraq artırmaq, uşaqlara kitabı sevdirmək, ailəliklə mütaliə etmək, ailə münasibətlərinin, ailə bağlarının inkişaf etməsində çox böyük rol oynayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov çıxışında belə layihələri dəstəklədiyini bildirmiş və mənəvi dəyərlərin qorunması istiqamətində çox işlərin görüldüyünü vurğulamışdır. Eyni zamanda Bilik Fondu tərəfindən də müxtəlif layihələrin “Məscid kitabxanaları”, “ev kitabxanası” və digər layihələrin həyata keçirildiyini bildirmiş və kitabın gələcəkdə ailənin bir üzvünə çevrilə biləcəyini, gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın rolunun əhəmiyyətinin xüsusi rolu olacağını qeyd etmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək layihə barədə dəyərli fikirlərini söyləmiş, müqəddəs dinimiz İslamda elmə, biliyə, təhsilə, kitaba önəm verildiyini vurğulamış və məscid kitabxanalarında təkcə dini kitabların deyil, digər sahələrin də kitablarının olmasının vacibliyindən danışmışdır.

Azərbaycan Tarix Muzeyinin direktoru, akademik, Nailə Vəlixanlı kitaba, mütaliəyə sevgisinin ailədən gəldiyini söyləmiş, gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların üzərinə düşən vəzifələrdən söhbət açaraq bu layihəni ürəkdən dəstəklədiyini söyləmişdir.

Daha sonra digər tədbir iştirakçıları, eləcə də “Azərbaycan Uşaqlarının IV forumu”nun gənc iştirakçıları çıxış etmişlər. Bilik Fondunun icraçı direktoru dos.Oqtat Səmədov “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində keçirilən “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsinin qalibi Həzənzadələr ailəsinə və Nərmin Quliyevaya “uğura gedən yolda nümunəvi fəailyətinə görə” diplomları və ailə klubu kartı təqdim  edilmişdir. Eyni zamanda Milli Kitabxananın direktoru prof. Kərim Tahirov “Uğura gedən yolda nümunəvi fəailyətinə görə”adiplomuna layiq görülmüş Nərmin Quliyevaya və digər gənc iştirakçı gənclərə kitablar hədiyyə etmişdir.

Sonda tədbir iştirakçıları gənc rəssam Nərmin Quliyevanın sərgisi ilə tanış olmuşlar.