close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisi açılmış və sərgi çərçivəsində Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının təqdimatı keçirilmişdir

31-03-2016

Martın  31-də Milli Kitabxanada  “31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisi açılmış və sərgi çərçivəsində Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının təqdimatı keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq ürək yanğısı ilə 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı,  Quba, Xaçmaz,  Lənkəran, Hacıqabul,  Salyan,  Zəngəzur,  Qarabağ,  Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışmış, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü,  Qubada aşkar olunmuş kütləvi məzarlıqda – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən olunması soyqırımın bariz nümunəsi olduğunu bildirmişdir. Soyqırımın iki il - 1919 və 1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildiyini bildirmişdir. 1998-ci ildə Azərbaycanın ümummilli lideri  Heydər Əliyev cənablarının  26 mart 1998-ci il tarixli fərmanı  ilə  31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən danışmışdır.
Ermənilər tərəfindən törədilən qırğınların, soyqırımların sonrakı illərdə də davam etdiyini, 1948-1953-ci illərdə və 1988-1992-ci illərdə Azərbaycanlıların doğma yurd yuvalarından deportasiya olunduqlarını, 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayonun talan olunaraq, 1 milyona qədər adamın doğma yurdundan didərgin düşdüyünü, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımının bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olduğunu söyləmişdir.

Sonra təqdimatı keçirilən “Erməni zindanında səkkiz gün” kitabının müəllifi, Xəzər Telefon qovşağının  rabitəçisi Dürdanə Ağayeva əsirlikdə keçirdiyi iztirablı günlərdən, 8 gün Əsgəranın polis bölməsinin zirzəmisində saxlanıldığından, hər gün döyülərək işgəncələrə məruz qaldığından, Azərbaycanlı əsirlərin başlarının kəsildiyindən, qadın və uşaqlara rəhm edilmədiyindən, hamilə qadınların qarınlarından güllələndiklərindən, 12 yaşlı oğlanın torpağı öpərək “Bura Azərbaycandır!” dediyi üçün başının kəsildiyindən ona çox çətin də olsa çox böyük həyəcan və titrəyişlə danışdı.

Sonda tədbir iştirakçıları “31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış oldular.