20-10-2023
19-20 oktyabr tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində 2023-cü il "Sülh və yaradıcılıq ili"nə həsr edilmiş ənənəvi "Kitabxana mədəniyyət fenomeni kimi" adlı X Beynəlxalq Konqres keçirilmişdir. Belarus Respublikasının Mədəniyyət Nazirliyi, İnformasiya Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı, Belarus Kitabxana Assosiasiyası və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun həmtəşkilatçılığı ilə baş tutan konqresdə Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Rusiyadan milli və digər aparıcı kitabxanaların rəhbərləri və nümayəndələri, həmçinin Belarusun kitabxana, nəşriyyat, arxiv və muzeylərinin əməkdaşları iştirak edir.
Eyni zamanda nəşriyyat məhsullarının, elektron informasiya resursları və xidmətlərinin sərgisinin nümayiş edildiyi konqresdə plenar iclas, dörd bölmə ("Kitabxana yaradıcılıq məkanı kimi", "Müasir rəqəmsal kitabxana mühitində elektron informasiya resursları və xidmətləri", "Mədəniyyət və təhsil müəssisələrinin layihə təşəbbüsləri və sosial - mədəni təcrübəsi", "Kitabxanaların fəaliyyətinin elmi-təşkilati işi") və iki dəyirmi masada ("Kitabxana fəaliyyətinin rəqəmsal transformasiyası", "Regional kitabxanaların innovativ fəaliyyəti: trendləri formalaşdıraraq") məruzə, təqdimat və müzakirələr olmuşdur.
Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri, t.ü.f.d. Aygün Koçak I bölmədə "Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin prioritet istiqamətləri" mövzusunda məruzə və təqdimatla çıxış etmişdir.