2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.
Xalqımızın musiqi xəzinəsinə misilsiz incilər bəxş etmiş Süleyman Ələsgərov zəngin musiqi irsinə malik bəstəkardır. Müxtəlif janrlarda bəstələdiyi əsərlər respublikanın mədəni həyatında mühüm rol oynayaraq milli musiqi sənəti tarixinə parlaq səhifələr yazıb. Bəstəkar 2 operanın (“Bahadır və Sona” və “Solğun çiçəklər”), 12 musiqili komediyanın, 2 simfoniyanın (“Gənclik” və “Vətən”), “Bayatı-Şiraz” simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün “İkili konsert”in, simfonik orkestr üçün “Uvertüralar”ın, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün, xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 fevral 2024-cü il tarixində Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
2024-cü il 22 fevral tarixli Sərəncamın icrası ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib.
1945-2024-cü illəri əhatə edən biblioqrafiyada “Süleyman Ələsgərov həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Süleyman Ələsgərov haqqında” bölmələri, sənətkarın bəstələdiyi musiqi əsərləri, səs yazıları, həyat və yaradıcılığı haqqında kitablar, dissertasiyalar və avtoreferatlar, dövri mətbuatda, məcmuələrdə çap olunan məqalələr toplanıb, müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib.
Biblioqrafik göstəriciyə “Süleyman Ələsgərovun əsərləri dünya milli kitabxanalarında” bölməsi həmçinin “Əlavələr” bölməsinə “Azərbaycan Bəstəkarlar İttifaqının fondunda saxlanılan əlyazmaları”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda saxlanılan arxiv materialları və afişalar”, “Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fondunda saxlanılan partitura və klavir əlyazmaları” və digər altbölmələr daxil edilib.
Azərbaycan, rus və başqa dillərdə çap olunmuş materialları əhatə edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə əlifba sırasına riayət edilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə “Süleyman Ələsgərovun əsərlərinin adlar göstəricisi” və “Süleyman Ələsgərov haqqında yazan müəlliflərin əlifba göstəricisi”dən ibarət köməkçi aparat verilib.
Biblioqrafiya ilə tanış olmaq istəyənlər http://web2.anl.az:81/read/page.php?bibid=vtls000895554 linkindən istifadə edə bilərlər.