close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Məmməd İsmayıl -85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

01-11-2024

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri  söz ustadı şair, publisist Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlib. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1987-1992-ci illərdə ədəbi ictimaiyyətin və ədəbiyyat sevərlərin maraqla izlədiyi "Gənclik" və "Molodost" jurnallarının baş redaktoru olub. Bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik edib.

Məmməd İsmayıl bədii yaradıcılıqla ilk dəfə 1957-ci ildə rayon qəzetində dərc edilmiş "Dağlar" qoşması ilə gəlib. Müxtəlif illərdə  “Aman təklik əlindən”, “Ümiddən asılan qılınclar”, “Yaş altmışa dayandı”, “Yoxun varlığı”, “Poemalar”, “Yetmişdən sonra”, “Gəlməyə vaxtmı ta­pdın, səksən yaşım”, “Arzuların yolu”  və s. kitabları nəşr edilib. 20-yə yaxın şeir kitabının müəllifidir. 50-dən çox şerinə mahnı bəstələnib.

Ömrünün 30 ilini qardaş Türkiyə­də yaşayıb-yaratmış görkəmli şairimi­zin özünəməxsus ədəbi və publisistik nümunələri ünlü nəşriyyatların burax­dığı 15 kitabda türk dilində işıq üzü görüb. “Bu qan yerdə qalan deyil”, “Türkün sevgisi”, “Dillən, telli sazım”, “Unutduğun yerdəyəm”, “Yelə bir şey söyləmişdim”, “İz” və digər kitablar bu sıradandır. 

Şair- publisist Məmməd İsmayıl bir sıra xalqların dillərinə - rus, alman, fransız, yapon, macar, qazax və s. tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə poeziyamızı layiqincə təmsil edib.

Bu gün ədəbiyyatımıza, poeziyamıza böyük töhfələr verən Məmməd İsmayılın 85 yaşı tamam olur. Bu münasibətlə  Milli Kitabxanada “Məmməd İsmayıl - 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə şairin əsərləri, tərcümələri, tərtib  və redaktə etdiyi kitablar, həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap olunan şeirlər və məqalələr   nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

icon

Foto qalereya