close
icon E-kataloq və kitabxana

Macarıstan Respublikasının İnsan Resursları Nazirliyində həmin nazirliyin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiç ilə Azərbaycan Nümayəndə heyətinin görüşü keçirilmişdir.

24-04-2019

Aprel ayının 24-də Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 1-ci müavini Vaqif Əlivevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiç arasında görüş keçirilib.

Nazir müavini Vaqif Əliyevin Macarıstana 3 günlük səfəri çərçivəsində baş tutan görüşdə tərəflər humanitar sahədə əməkdaşlığın geniş spektrini müzakirə etmiş və mədəniyyət sahəsində əməkdaşlıq Proqramını imzalamışlar.

Görüş zamanı xanım Orsolya Paçay-Tomaşiç Azərbaycan nümayəndə heyətini salamlayaraq, təmsil etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Dövlət katibi İnsan Resursları Nazirliyinin mədəniyyət, təhsil, sosial məsələlər, gənclər, idman sahələrini əhatə etməklə Macarıstanın ən böyük nazirliyi olduğunu bildirib. Macarıstan rəsmisi Azərbaycan nümayəndə heyəti ilə görüşün sadalanan sahələr üzrə aktual məsələlərin müzakirəsi baxımından səmərəli olacağına inandığını qeyd edərək, imzalanması nəzərdə tutulan əməkdaşlıq Proqramının mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün vacib bir yol xəritəsi olacağına ümidvar olduğunu diqqətə çatdırıb. Hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox Azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını deyən Dövlət katibi bu gənclərin təhsillərini başa vurduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirib.

Macarıstanla türkdilli dövlətlər arasında münasibətlərə toxunan Dövlət katibi hazırda ölkəsinin istər ikitərəfli əsasda, istərsə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, TÜRKSOY, TÜRKPA kimi təşkilatlar çərçivəsində bu dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Mədəniyyət nazirin 1-ci müavini Vaqif Əliyev öz növbəsində səmimi qəbul üçün Macarıstan tərəfinə minnətdarlığını ifadə edərək, iki ölkə arşında təşəkkül tapmış strateji tərəfdaşlıq və dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Nazir müavini görüş zamanı baş tutan fikir mübadiləsinin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına töhfə verə biləcəyinə ümidvar olduğunu qeyd edərək, bu istiqamətdə hər iki tərəfdən nümayiş etdirilən xoş məramın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda hər iki ölkənin bir sıra böyük mədəniyyət müəssisələri arasında, o cümlədən direktoru bu gün görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında memorandum mövcuddur və bu sahədə müəyyən işlər görülür, ancaq bu gün imzalanan Proqram sənədi dövlət səviyyəsində bu əlaqələrin daha da səmərəli təşkilinə yönələcəkdir.

Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyinə diqqət çəkən Vaqif Əliyev, Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiçi Azərbaycana səfərə dəvət edib.

Görüş əsnasında həmçinin, son dövrlər Azərbaycanda gedən hərtərəfli inkişaf prosesləri barədə qarşı tərəfi məlumatlandıran Vaqif Əliyev, məhz bunun nəticəsində Azərbaycanda çoxsayı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, sabitlik mühitində yaşadıqlarını qeyd edib. Ölkəmizin son illər bir çox beynəlxalq əhəmiyyətli mədəni və idman tədbirlərinə ev sahibliyi etdiyini deyən nazir müavini, Azərbaycanın dünyada multikulturalizm adasına çevrildiyini bildirib.

Görüşdən sonra tərəflər “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq Proqramı”nı ımzalayıb.

Görüşdə Azərbaycanın Macarıstandakı səfiri prof. Vilayət Quliyev və Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov iştirak etmişlər.