8 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda uzunömürlülərin yaradıcılıq festivalı keçirildi. Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin ustaları, respublikanın mədəniyyət və incəsənət ustalarının iştirak etdiyi festivalda Milli Kitabxana kitab sərgisi ilə təmsil olunurdu. “Hər kəs 100 il yaşamasa…” adlı sərgidə Milli Kitabxananın fondunda Azərbaycan, türk, rus və ingilis dillərində mühafizə olunan Azərbaycanın uzunömürlü sakinləri, onların həyat tərzi, uzunömürlülüyün sirləri və təşkili, sağlam qidalanma barədə dəyərli kitablar, qəzet və jurnal materialları öz əksini tapmışdır. Sərgidə əsas məqsəd respublikamızı uzunömürlülər diyarı kimi tanıtmaq, ahıl insanların uzunömürlülük sirlərini və sağlam həyat tərzi barədə tövsiyələri təbliğ etmək, geniş ictimaiyyəti uzunömürlü sakinlərimizlə tanış etməkdən ibarət idi.