15-09-2016
Sentyabr ayının 15-də Latviya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Yuris Maklakovs və II katib Ieva Majore Azərbaycan Milli Kitabxanasında olmuşlar. Görüş zamanı cənab səfir Latviya parlamentinin spikeri xanım İnara Murnietsenin Azərbaycana səfər edəcəyini və səfər zamanı bir neçə yüksək səviyyəli görüşlərin keçiriləcəyini qeyd etmişdir. Bu görüşlərin birinin Azərbaycan Milli Kitabxanasında geniş ictimaiyyətin iştirakı ilə keçirilməsi və tədbir zamanı Latviyaya həsr olunmuş sərginin nümayiş olunması nəzərdə tutulmuşdur.
Bununla yanaşı səfir iki ölkə milli kitabxanaları arasında əməkdaşlıq münasibətlərindən söhbət açmış və gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi barədə Milli Kitabxananın direktoru ilə fikir mübadiləsi aparmışdır.
Sonda Milli Kitabxananın direktoru professor Kərim Tahirov tərəfindən qonaqlara Həsən Həsənovun “Qız qalası” kitabı hədiyyə edilmişdir.