09-12-2022
Dekabrın 9-da Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universiteti və Türkiyə Cümhuriyyətinin Kastamonu Universitetinin Bilgi və Bəlgə Yönətimi Bölümünün birgə təşkilatçılığı ilə Milli Kitabxanada BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
İlk olaraq fakültənin əsasını qoymuş, Azərbaycan kitabxanaşünaslıq elminin yaradıcısı prof. Abuzər Xələfovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qardaş Türkiyə Cümhuriyyətindən gələn qonağı, fakültənin əməkdaşlarını və bütün iştirakçıları salamlayıb, fakültənin yaranmasından, formalaşmasından, son illərdə fakültənin qazandığı uğurlardan danışıb, daim Milli Kitabxana ilə fakültə arasında əlaqələrin olduğunu vurğulayıb, bildirib ki, kitabxana hər zaman bu illər ərzində fakültənin əsas təcrübə bazası kimi çıxış edib və tədrisin təcrübə ilə əlaqələndirilməsində iştirak edib. Direktor tədrisin təşkilində mühüm vəsaitlər kimi kitabxananın nəşrlərinin fakültəyə təqdim edilməsinin vacibliyini qeyd edib.
Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək artıq iki gündür yubiley tədbirlərinin davam etdiyini, konfransa 10-dan çox xarici məruzəçinin qatıldığını, son illərdə fakültədə istər elmi, istər pedaqoji mühitin modernləşdirilməsi istiqamətində əsaslı işlər görüldüyünü və Milli Kitabxananın hər il fakültənin məzunlarını işlə təmin etdiyini qeyd edib, kitabxananın nəşrlərinin universitet miqayasında fakültəyə təqdimetmə mərasiminin gələn ilin əvvəlində nəzərdə tutulduğunu bildirib.
Türkiyə Cümhuriyyətinin Kastamonu Universitetinin Bilgi və Bəlgə Yönətimi Bölümünün başqanı, professor Hasan Keseroğlu dəvətə görə təşəkkür edib, Milli Kitabxanada olmaqdan qürur duyduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.
Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov “Azərbaycan Milli Kitabxanasının kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə kadr hazırlığında rolu” adlı məruzəsində kitabxanaçılıq məfkurəsinin məhz Milli Kitabxanada formalaşdığını söyləyib, fakültənin ilk fəxri məzunlarının adlarını çəkərək onların əksəriyyətinin ilk iş yerlərinin məhz bu kitabxana olduğunu qeyd edib, Milli Kitabxananın daim yüksək ixtisaslı kadrların hazırlanması, elmi mühitin formalaşması, sahə üzrə elmi əsərlərin nəşrində fəal iştirak etdiyini, xüsusən son 15 ildə Azərbaycan biblioqrafiya mədəniyyətinin inkişafına böyük töhfələr verdiyini və bu vəsaitlərin tədrisdə, informasiya resurslarının menecmenti işində əhəmiyyətini vurğulayıb, yubileyin yüksək səviyyədə təşkilinə görə fakültənin və kitabxananın rəhbərliyinə təşəkkür edib.
Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan “Nəşriyyat işi və redaktə ixtisası üzrə kadr hazırlığı: gələcək çağırışlar” başlıqlı çıxışında bildirib ki, ölkəmizdə kitab mədəniyyətinin formalaşmasında 1923-cü ildə yaradılmış Azərbaycan Milli Kitabxanası və Azərnəşr, 1925-ci ildə formalaşdırılmış Dövlət Kitab Palatası özül rolunu oynayıb, kafedranın təşkil edilmə tarixindən, oradakı tədris və tədqiqat istiqamətlərindən danışıb, peşəkar redaktorların hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov “Müasir kitabxanaşünaslıqda model anlayışı” adlı məruzə ilə çıxış edib və ölkə milli kitabxanaşünaslığının dünya kitabxanaşünaslığına əsaslandığını bildirib, kitabxanaşünaslığın modelləşdirilməsində onun sosial-fəlsəfi və texnoloji modellərindən bəhs edib.
Milli Kitabxananın Elmi işlər və kitabxana informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasında istifadəçilərə virtual kitabxana-informasiya xidməti” başlıqlı məruzə-təqdimatında virtual kitabxana-informasiya xidmətinin formalarından, onlayn xidmət işinin istiqamətlərindən, e-dövri mətbuat, analitik biblioqrafik elektron resurslar, elektron məlumat bazaları, audiokitab, musiqi kitabxanası, milli musiqi xəzinəmizdən layihələri haqqında çıxış edib.
“Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfova “İnformasiya resurslarının idarə olunması” adlı məruzəsində kafedranın fəaliyyətindən danışıb və bütün kitabxana ictimaiyyətini bu bayram və əlamətdar gün münasibətilə təbrik edib.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Xuraman Ağayeva “Kitabxana meneceri və informasiya konsultantının vəzifələri” mövzusundakı çıxışında kitabxanaların son dövrlərdəki fəaliyyətində innovasiyaların istifadə üsullarından bəhs edərək informasiya konsaltinqi haqqında danışıb.
Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqova son dövrdəki müsbət dəyişikliklərə və tədbirin təşkilinə görə fakültə və kitabxana rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin davamında kitabxananın direktoru prof. Kərim Tahirov fakültə rəhbərliyinə və prof. Hasan Keseroğluna kitabxananın son nəşrləri olan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Şuşa tarixi mənbələrdə”, “Xurşidbanu Natəvan” adlı biblioqrafiyaları və Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə nəşri olan “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunu təqdim edib.
Daha sonra qonaqlar Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Milli Kitabxanada yaradılan “Heydər Əliyev” guşəsi önünə gələrək Ümummilli liderimizin xatirəsini anmışlar, guşə ilə və bir vaxtlar Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablarla tanış olmuşlar.