01-12-2014
Dekabr ayının 1-də İtaliya Sandro Teti Editore nəşriyyat evinin direktoru cənab Sandro Teti Azərbaycan Milli Kitabxanasında olmudur. Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanasını hər il İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgi yarmarkasına dəvət etmək idi.
Sərgi yarmarka haqqında məlumat verən cənab Teti hər il keçirilən bu beynəlxalq kitab sərgisinin əhəmiyyətindən geniş bəhs etmiş və bu sərgidə Azərbaycan Milli Kitabxanasının iştirak etmək təşəbbüsünün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya aid olduğunu qeyd etmişdir. Söhbət zamanı Milli Kitabxananın direktoru K. Tahirov Azərbaycanı tanıtmaq məqsədilə Azərbaycan Milli Kitabxanasının sərgi yarmarkaya dəvət olunmasını yüksək qiymətləndirmiş və imkan daxilində ilk dəfə olduğu üçün xüsusi qonaq qismində iştirak edə bilmələri haqqında düşünəcəklərini qeyd etmişdir.
Cənab Teti rəhbərlik etdiyi nəşriyyat tərəfindən 3 adda italiyan dilində Azərbaycana aid çap edilən kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir. Frappi Carlo “Azerbaigian crocevia del Caucaso”(Azərbaycan Qafqazın yol ayrıcında), Abdulla Kamal “Il manoscrıtto incomplete”(Tamamlanmamış əlyazma), Talay Mikhail “Dal Caucaso aglı Appennını gli azerbaigiani nella resistenza italiana” (Qafqazdan Apenninə qədər Azərbaycanlıların İtalyanlara qarşı müqavimət hərəkatı) və daha 2 kitabın çap olunacağını bildirmiş, həmin kitabların da Turin beynəlxalq kitab sərgi yarmarkasında nümayiş olunacağını və kitabların təqdimatının keçiriləcəyini bildirmişdir.
Görüşün sonunda Kərim Tahirov Azərbaycan muğamları (disk), Azərbaycan Milli Kitabxanası. Fotoalbom və Azərbaycan Milli Kİtabxanası haqqında filmi qonağa hədiyyə etmişdir.