May ayının 18-də İsveçrənin paytaxtı Bern şəhərində Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının illik iclası keçrilmişdir. İsveçrə Konfederasiyasının Parlament binasında keçirilən bu tədbirdə 36 Avropa ölkəsinin Milli Kitabxana direktorları iştirak edirdi. Avropa Milli Kitabxanalarının Konfransının (CENL) 2013-cü ildə Bakıda keçirilən iclasında 41 ölkənin, 2014-cü ildə Moskvada keçirilən iclasında isə 22 ölkə nümayəndəsi təmsil olunurdu. Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və kitabxananın Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova təmsil edirdi. İclası ilk olaraq İsveçrə Milli Məclisinin vitse-prezidenti Christa Markwalder açıq elan etmişdir. O, çıxışında iclasın keçirildiyi Parlament binası haqqında məlumat verdi. Binanın 1 aprel 1902-ci ildə Hans Auer tərəfindən tikilməsi, binanın üzərindəki gerbdə latınca “Birimiz hamımız, hamımız birimiz üçün” sözünün yazıldığını vurğulamışdır. Bununla yanaşı qübbənin ətrafında İsveçrənin 22 kantonunun gerbi olduğunu qeyd edərək, CENL-in 29-cu görüşünün bu binada keçirilməsindən məmnun olduğunu bildirmişdir. Xanım Christa Markwalderin çıxışından sonra ev sahibi İsveçrə Milli Kitabxanasının direktoru Marie Christine Doffey qonaqları salamlamışdır. İclası CENL-in prezidenti Bruno Racine öz çıxışı ilə davam etdirmişdir. O, ilk öncə ötən iclasdan keçən dövrdə Moldova Milli Kitabxanasının direktorunun dünyasını dəyişdiyini qeyd etmiş, yeni təyin olunmuş Çexiya və Xorvatiya Milli Kitabxanalarının direktorlarını təqdim edərək, işlərində uğurlar arzulamışdır. Çıxışdan sonra hər bir ölkənin Milli Kitabxana direktorları özlərini ayrılıqda təqdim etmişlər. Avropa Milli Kitabxanaları Konfransının iclasında Moskvada keçirilən 28-ci illik iclasın protokolunun təsdiqi və həmin protokolda qalxan məsələlər nəzərə çatdırılmışdır. Bruno Racine tərəfindən 2014-2015-ci illər üçün Avropa Milli Kitabxanaları Konfransının illik hesabatı iştirakçılara təqdim olunmuşdur. Bu tədbirdə CENL-in yeni prezidenti 3 il müddətinə İngiltərə Kitabxanasının nümayəndəsi Roly Keating seçilmişdir. Bu münasibətlə Bruno Racine Roly Keatingi təbrik edərək işlərində uğurlar arzulamışdır. Sonra Elektron Kitabxananın (TEL) 1 il ərzindəki fəaliyyəti və gələcək prespektivləri Jill Cousinis tərəfindən iclas iştirakçılarının diqqətinə təqdim olunmuş, bu məsələ barədə geniş müzakirələr aparılmışdır. Müzakirələrə yekun olaraq hər bir ölkədən rəqəmsal materialların genişləndirilməsi məqsədi ilə TEL-ə illik üzvlük haqqlarının artırılması qərara alındı. İclasın sonunda Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim tahirov Azərbaycan tərəfi adından Roly Keatingi təbrik edərək, onu bu ilin sentyabr ayında Bakıda keçriləcək IV Beynəlxalq Kitab Sərgi Yarmarkasına dəvət etmişdir. İclas öz işini may ayının 19-da davam etdirəcəkdir.