close
icon E-kataloq və kitabxana

İstanbul şəhərində Türk Ədəbiyyat Vəqfinin toplantı salonunda “Nəsimi ili”nin rəsmi açılış tədbiri keçirildi

07-03-2019

Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar növbəti tədbir mart ayının 7-də İstanbul şəhərində Türk Ədəbiyyat Vəqfinin toplantı salonunda keçirildi.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə edilən İmadəddin Nəsiminin əski çap əsərləri, əlyazmaları, qəzəlləri, divanları, eləcə də xarici dillərdə nəşr olunmuş əsərlərindən ibarət kitab sərgisi ilə tanış oldular.

         Türk Ədəbiyyatı Vəqfinin müdiri Özcan Ünlü tədbiri açaraq, qonaqları salamlamış və sözü Türk Ədəbiyyatı Vəqfinin başkanı Sərhat Kabaklıya vermişdi. Sərhat Kabaklı bütün türk dünyasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin və “Nəsimi ili”nin təntənəli şəkildə qeyd edilməsinin əlamətdar hadisə olduğunu, türk ədəbiyyatşünasları və tədqiqatçıları tərəfindən Nəsimi irsinə, onun yaradıcılığına xüsusi önəm verildiyini, əsərlərinin dillər əzbərinə çevrildiyini söylədi.

TÜRKSOY-un Baş Katibinin müavini Fırat Purtaş çıxış edərək 2018-ci il dekabrın 18-də Türkiyənin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında 2019-cu ilin TÜRKSOY tərəfindən zəngin yaradıcılığa malik böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə “Nəsimi ili” elan edilmiş və bu məqsədlə türkdilli ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi. O, TÜRKSOY təşkilatı tərəfindən türk xalqlarının görkəmli şəxsiyyətlərinə həsr olunmuş belə tədbirlərin keçirilməsinin türk xalqları arasında qarşılıqlı mədəniyyətinin inkişafına, onların ortaq mədəniyyətinin, ədəbiyyatının, eləcə də tarixi şəxsiyyətlərinin tanıdılmasına yardımcı olacağını söylədi.

Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev çıxışında Nəsiminin əsərlərinin Azərbaycan dilində yaranan şeirin inkişafında  mühüm rol oynadığını, çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçmiş istedadlı sənətkarın Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şerin əsasını qoyduğunu bildirdi.  “Nəsimi ili”nin xalqımızın mənəviyyatı və mədəniyyəti ilə birbaşa əlaqəli olduğunu söyləyən cənab nazir ötən illər ərzində Nəsiminin adının nəinki ölkə daxilində, hətta dünya miqyasında uca tutulduğunu, dünya ictimaiyyətinin də onun yaradıcılığı ilə tanış olduğunu, Prezident İlham Əliyevin “Nəsimi ili” ilə əlaqədar sərəncamının bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaratdığını söylədi.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutmasının ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu, məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirləri siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunduğunu vurğulayan nazir 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsinin ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab olunduğunu söylədi, ölkə prezidenti tərəfindən 2019-cu ilin dahi şairin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi ili” elan edilməsini çox müsbət və təqdirəlayiq addım adlandırdı.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Əbülfəs Qarayev  tərəfindən Türk Ədəbiyyat Vəqfinin nümayəndərinə hədiyyələr təqdim edildi.

Daha sonra Nəsiminin yaradıcılığı haqqında 10 dəqiqəlik qısa filmin nümayişi keçirildi.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında geniş söhbət açaraq, onun yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malik olduğunu, böyük mütəfəkkirin 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq yazdığı əsərlərinin, ana dilimizi və bədii sözümüzü yeni-yeni zirvələrə qaldırdığını söylədi. Dövlətimiz tərəfindən Nəsimi irsinin layiqincə qiymətləndirildiyini söyləyən akademik 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, eləcə də Moskvada “Nəsimi, şeir, incəsənət, mənəviyyat festivalı”nın qeyd edildiyini, hal-hazırda isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  bu ilin “Nəsimi ili” elan olunmasının və böyük şairin anadan olmasının 650 illiyinin qeyd edilməsinin böyük mütəfəkkir Nəsimi irsinə edilən ehtiramın nümunəsi olduğunu bildirdi.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında  çıxış edən Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov Nəsiminin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, təmiz Azərbaycan dilində çox axıcı dillə gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu, poeziyamızda sufizm ədəbi cərəyanının əsasını qoyanlardan olduğunu və bu istiqamətdə böyük bir məktəb yaratdığını qeyd etdi. Professor vurğuladı ki, XX əsrin 70-ci illərində Nəsimini Azərbaycana və dünyaya tanıdan Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev olub və onun xeyir-duası ilə Azərbaycanda, bir sıra xarici ölkələrdə, hətta YUNESKO-da Nəsiminin yubiley tədbirləri keçirilib, onun adı institut, küçə və meydanlara verilib, Bakıda heykəli qoyulub, haqqında bədii film çəkilib. Sovet dönəmində müttəfiq respublikalarda belə tədbirlərin keçirilməsi demək olar ki, nadir hadisə hesab olunurdu. Prof. Kərim Tahirov Nəsiminin əsərlərinin Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin kitabxanalarında – Avstraliya Mili Kitabxanası, Britaniya Muzeyi Kitabxanası, Düşənbə Əlyazmalar Fondu, Tehran Milli Kitabxanası, Təbriz Milli Kitabxanası, İstanbul Topqapı Sarayı Muzeyi Kitabxanası, Antalya Elmalı Xalq Kitabxanası və digər kitabxanalarda mühafizə olunduğunu söylədi. Professor Azərbaycan, türk alimlərinin hələ də tədqiq edilməmiş əsərlərinin olduğunu, Çexiya Milli Kitabxanasının nadir kitablar fondunda Azərbaycan, türk və fars əlyazmalarına rast gəldiyini, hətta kataloqda öz əksini tapmadığını söylədi. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin dəstəyi ilə 1 ay mütəxəssislər tərəfindən  həmin əlyazmaların tədqiq edildiyini və 3 dildə əlyazmalar kataloqunun hazırlandığını və yaxın zamanlarda nəşr olunacağını söylədi. Sonda prof. Kərim Tahirov TÜRKSOY təşkilatına və Türk Ədəbiyyət Vəqfinə öz təşəkkürünü bildirdi.

Tədbirdə Prof. dr. Esat Harmancı, dr. Nusret Gedik söz sənətinin qiymətli incilərini meydana gətirmiş bu filosof şairin bütün türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verdiyini, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyduğunu söylədilər. Nəsiminin yazıb-yaratdığı dövrdən təxminən 7 əsr keçməsinə baxmayaraq yazdıqları əsərlərin bu gün də anlaqlı və başa düşülən olduğunu qeyd etdilər. Böyük fərəh hissi ilə bildirdilər ki, Azərbaycan xalqı, o cümlədən türk dünyası belə bir xəzinəyə – Nəsimi kimi böyük mütəfəkkirə, filosofa sahibdir.

Sonda türk qiraətçiləri tərəfindən şeirlər və muğam üçlüyünün, xanəndə, Əməkdar artist Feyruz Səxavətin, tarzən, Əməkdar artist Əliağa Sədiyevin, kamançada Xəyyam Məmmədovun ifasında Nəsiminin qəzəllərindən ibarət muğam səsləndirildi.