13-07-2018
İyul ayının 13-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə əlaqədar olaraq “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” adlı beynəlxalq elmi konfrans və kitab sərgisinin təqdimatı keçirilmişdir.
Tədbirdən öncə M.F.Axundov adına Milli Kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yazıçının türk dünyası ədəbiyyatına bəxş etdiyi töhfələrdən bəhs etmiş, söyləmişdir ki, Çingiz Aytmatov hər zaman sevilən, əsərləri dilimizə tərcümə olunaraq dəfələrlə nəşr edilən nadir yazıçılardan biridir. Akademik qeyd etmişdir ki, onun dünyaya tanınmasında əsərlərini rus dilində yazması böyük rol oynamışdır. Natiq çıxışında Azərbaycan xalqının Çingiz Aytmatovu özünün böyük yazıçısı hesab etdiyini söyləmiş, yazıçını hər zaman ədalətin keşiyində dayanan qələm adamlarından biri və türk ədəbiyyatının magikanı adlandırmışdır. O həmçinin bildirmişdir ki, Çingiz Aytmatovun qaldırdığı bəşəri ideallar planetimiz üçün çağırışlardır. Onun yaradıcılığı insanlığı dərk etmək, ona yüksək qiymət vermək ideyasının bir nümunəsidir. Akademik İsa Həbibəyli İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının 2018-ci il xüsusi buraxılışının Çingiz Aytmatov ilinə bir töhfəsi olduğunu qeyd etmiş və burada bütün dünyadan və ölkəmizdən tanınmış elm adamlarının yazılarının toplandığını bildirmişdir. Çıxışının sonunda akademik İsa Həbibbəyli tədbirdə iştirak edən bütün qonaqlara, həmçinin Çingiz Aytmatovun yaradıcılığına həsr edilmiş kitab sərgisinin təşkilinə görə Azərbaycan Milli Kitabxanasına öz təşəkkürünü bildirmişdir.
Daha sonra çıxış edən TÜRKSOY-un Baş katibi professor Düsen Kaseinov Çingiz Aytmatovun əsərlərini bütün dövlətlərin mənəvi xəzinəsi hesab etmiş, onu örnək həyat sürən, millətin qüruru olan bir şəxsiyyət adlandırmışdır. Düsen Kaseinov türk mədəniyyətinə xidmət edən və onu zənginləşdirən, çağdaş ədəbiyyatımızın ən görkəmli nümayəndəsi olan Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə təşkil edilmiş tədbirə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna və Milli Kitabxanaya öz təşəkkürünü bildirmiş və konfransın işinə uğurlar diləmişdir.
Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Altınbek Mamayusupov çıxışında Çingiz Aytmatovun yerli dəyərlərə və mədəniyyətə böyük önəm verdiyini, cəmiyyətin mənəvi və etik dəyərlərinə söykənən əsərlər yaratdığını söyləmiş, onun beynəlxalq aləmdə türk dünyasının mədəni irsinin tanınmasındakı rolunun danılmaz olduğunu qeyd etmişdir. O həmçinin bildirmişdir ki, Çingiz Aytmatov dəfələrlə Azərbaycanda səfərdə olmuş, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Dostluq ordeni ilə təltif edilmişdir.
Millət vəkili, yazıçı Hüseynbala Mirələmov isə Çingiz Aytmatovla olan dostluğundan, görüşlərindən danışmış, xatirələrini bölüşmüşdür.
Daha sonra Rusiyanın Əməkdar elm xadimi, professor V.Aqanesov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdemir və digərləri çıxış edərək yazıçının həyat və yaradıcılığından, zəngin ədəbi irsindən, türk dünyası ədəbiyyatı tarixinə bəxş etdiyi töhfələrdən söz açmışlar.
Beynəlxalq konfransda həmçinin Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Əl-Aydi də çıxış edərək ədibin əsərlərinin ərəb dilinə yüksək səviyyədə tərcümə olunaraq çap edildiyini söyləmiş, onun haqqında ərəb dilində tədqiqatın aparıldığını qeyd etmişdir.
Daha sonra söz tədbirin əsəs təşkilatçılarından biri olan Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova verilmişdir. O çıxışında bildirmişdir ki, Çingiz Aytmatov qırğız xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahi yazıçıdır. Milli Kitabxananın direktoru qeyd etmişdir ki, qırğız və dünya ədəbiyyatını hiss ediləcək dərəcədə zənginləşdirən əsərlər yazmağa müvəffəq olmuş Çingiz Aytmatov ən yüksək fəxri adlara və mükafatlara layiq görülmüş, ədib SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı kimi tanınmışdır. Onun əsərləri müxtəlif dillərə tərcümə edilərək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunur. Qırğız ədəbiyyatının klassiklərindən olan Çingiz Aytmatov milyonlarla insan üçün ən tanınmış və sevimli yazıçılardan biri olmuş, “Əlvida, “Ağ paroxod”, “Dəniz kənarı ilə qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Edam kötüyü” və digər əsərləri ona həqiqi şöhrət gətirmişdir. Kərim Tahirov Çingiz Aytmatovun bütün türkləri birləşməyə çağırdığını söyləmişdir.
Tədbirdə Rusiya Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov, Filologiya üzrə elmlər doktoru, professor Leyla Gərayzadə “Çingiz Aytmatovun yaradıcılığında ümumbəşəri problemlər”, Filologiya üzrə elmlər doktoru Elnarə Akimova “Çingiz Aytmatovla yeniləşən dünya nəsri”, Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı “Çingiz Aytmatovun yaradıcılığında insan və təbiətin dialektikası”, Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən “Əsrə bərabər gün” romanında üslubi kontekst: Boranlıdan kosmosa qədər” mövzularında məruzə ilə çıxış etmişlər, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova Çingiz Aytmatov ilə olan görüşündən danışmışdır.
Sonra akademik İsa Həbibbəyli sözü Özbəkistandan gəlmiş Azərtac-ın müxbiri Qulu Kəngərliyə vermişdir. O, Çingiz Aytmatovla bir neçə tədbirdə birgə iştirak etdiyini, onunla müsahibələr apardığını söyləmiş və Özbəkistanda onun əsərlərinin 70 faizinin çap olunduğunu qeyd etmişdir. Sonda AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli hər kəsə təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.