28-01-2025
28 yanvar tarixində Füzuli rayonu 3 nömrəli tam orta məktəbin şagirdləri Milli Kitabxanada ekskursiyada olublar.
Məktəblilər əvvəlcə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyatın, fotoşəkillərin, eləcə də Ulu Öndərin şəxsi kolleksiyasından hədiyyə etdiyi kitabların nümayiş olunduğu “Heydər Əliyev guşəsi”ni ilə tanış olublar.
Milli Kitabxananın tarixi, binası, fondu, üzv yazılma və istifadə qaydaları, xidmətləri, eləcə də ədəbiyyatın elektron sifarişi, elektron kitabxana və elektron kataloq sistemi haqqında ətraflı məlumatlandırılan şagirdlər iş prosesini əyani şəkildə izləyiblər.
Kitabxananın sərgi zalında nümayiş olunan “Xalq şairi Zəlimxan Yaqub”, “Şair Adil Babayev – 100” və “Yazıçı – dramaturq Xeyrəddin Qoca” adlı ənənəvi kitab sərgiləri ilə də tanış olaraq Milli Kitabxananın “Not nəşrləri və səsyazmaları şöbəsi”ndə Xalq Artisti Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısını dinləyiblər.
Şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”, xüsusilə orada yerləşdirilmiş Uşaq guşəsi ilə yaxından tanış olublar.
Şagirdlər Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulayaraq gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulayıblar.
Sonda xatirə şəkili çəkilib.