Oktyabr ayının 11-də Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkasının açılış mərasimi olmuşdur.
Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir. Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları, eyni zamanda Qarabağ həqiqətləri ilə bağlı 380 adda 700-ə yaxın alman, ingilis və Azərbaycan dillərində nəşrlər ziyarətçilərə təqdim olunur. Sərginin açılış günündə bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycanın pavilyonunu ziyarət edib. Sərginin ikinci günü - 12 oktyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr rəhbəri Arzu Təbrizli, Almaniyada yaşayan soydaşımız Sevil Fuks, Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuper, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə, görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditzin və başqalarının çıxışları dinlənilib.