close
icon E-kataloq və kitabxana

Frankfurt Beynəlxalq Kitab Sərgisi zamanı “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirildi

13-10-2017

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində 13 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda  “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan diasporunun buradakı üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və Almaniyadakı Azərbaycanlı tələbələr iştirak etdilər.

Tədbiri giriş sözü ilə “Avropa Əməkdaşlıq Forumu"nun sədri, “Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti, “Alman-Azərbaycan Forumu"nun mədəniyyət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova açaraq son illərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində aparılan uğurlu fəaliyyətin nəticəsi kimi ölkəmizə səfər edən, Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış olan almanların sayının artdığını qeyd etdi.

Tədbir zamanı Almaniyanın “Vinand” nəşriyyatının rəhbəri Mixael Vinand və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Azərbaycanda və Almaniyada kitab nəşri haqqında fikir mübadiləsi apardılar. K.Tahirov Azərbaycanda ildən-ilə kitaba marağın artdığını, kitab çapının, özəl nəşriyyat və mətbəələrin sayının çoxaldığını, Azərbaycan dövlətinin bu sahəyə xüsusi qayğı göstərdiyini bildirdi.

2009- cu ildən başlayaraq hər iki ildən bir Beynəlxalq Kitab Sərgisinin keçirildiyini, sərgidə iştirak edən yerli və xarici nəşriyyatların sayının xeyli artdığını, kitab sərgi- yarmarkasında bu il 20-dən artıq ölkədən 53 nəşriyyat və kitabxanaların iştirakını qeyd etdi. Tamaşaçıların sayının isə 50 mindən artıq olduğunu söylədi. K. Tahirov kitab satışının da xeyli artdığını vurğuladı.

Tərəf müqavilinin Kərim Tahirova ölkədə fəaliyyət göstərən bütün nəşriyyatların dövlətə bağlı olduğu barədə sualına cavab olaraq K. Tahirov ölkədə fəaliyyət göstərən nəşriyyatların yalnız ikisinin dövlətə bağlı olduğunu söyləmişdir. Ölkə nəşriyyatlarının 99 %-nin özəl şəxslərə aid olduğunu bildirmişdir. Kərim Tahirov ölkədə nəşr olunan kitabların ölkədə və xaricdə çap olunduğu sualına cavab verərkən azərbaycan nəşriyyatlarının və poliqrafiya müəssisələrinin  kifayət qədər müasir avadanlıqlara malik olduğunu bildirmişdir, illik çap məhsulunun 85-95 %-nin azərbaycanda çap olunduğunu qonağın diqqətinə çatdırmışdır. Qonağın Azərbaycanda savadsızlığın nə dərəcədə olduğunu və insanların  kitaba maragının hansı səviyyədə olması sualına cavab verərkən K.Tahirov vurğulamışdır ki, ümumiyyətlə Azərbaycanda bu gün savadsızlıq yoxdur. Azərbaycanın ən ucqar kəndlərində belə kitabxanalar fəaliyyət göstərir. Azərbaycanda icbari orta təhsil mövcuddur və hər bir ailədə hər kiçik yaşlı uşaqlar məktəbə gedirlər, icbari təhsil aldıqdan sonra isə  ali məktəblərə seçim edirlər.

Qonağın məhz kənd kitabxanalarında70 ildən artıq kiril qrafikasında olan kitabları oxuya bilmələri sualına cavab verərkən K. Tahirov 2004-cü ildən bu günə kimi  Azərbaycan Prezidentinin sərancamı ilə latın qrafikasında çap olunan kitabların kənd və kütləvi kitabxanalara verildiyini qonağın diqqətinə çatdırmışdır. Milli Kitabxananın direktoru həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı haqqında kitabların çap etdirilib,  bölgələrdə yerləşən kitabxanalara göndərildiyini bildirmişdir.

K.Tahirov sərgidə olan kitabların 98%-nin Azəraycanda yüksək keyfiyyətlə çap olunduğunu qeyd edərək Milli Kitabxana haqqında və bir neçə digər kitabları qonağa hədiyyə etmişdir.
Sonda qonaq Azərbaycanda təhsil, mədəniyyət və nəşriyyat haqqında yanlış təsəvvürünün olduğunu bildirmişdir və hamıya uğurlar arzulamışdır.