23-12-2022
Dekabrın 23-də Milli Kitabxanada Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Fikrət Əmirov. Biblioqrafiya” kitabının və “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Vurğulayıb ki, bu gün gözəl bir insanın işığına toplaşmışıq. O, qeyd edib ki, nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var Fikrət Əmirovun adı daima yaşayacaq, “1001 gecə” baletini yaradan insan heç vaxt ölməyəcək, elə bir əsəri yaradan insan heç vaxt unudula bilməz.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Əmirovun yubileylərini daima diqqətdə saxlayıb. Natiq həmçinin Ulu Öndərin Fikrət Əmirova olan münasibətindən bəhs etmişdir. Bildirib ki, ölkə rəhbərliyi daima Fikrət Əmirovun fəaliyyətinə yüksək qiymət verib. Qeyd edib ki, Milli Kitabxana olaraq bu gün Fikrət Əmirovun 100 illik yubileyini ona görə sonda qeyd edirik ki, nəşr olunan biblioqrafiyada bütün materiallar əhatə olunsun. Həmçinin, dərc edilən “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsinin nəşrindən də bəhs edərək vurğulayıb ki, bu, artıq nəşr olunan dördüncü məcmuədir. Direktor bildirib ki, biz hamımız Fikrət Əmirovun yaradıcılığı ilə fəxr edirik və gələcək nəsillərə çatdıracağıq.
Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurov çıxış edərək söyləmişdir ki, Fikrət Əmirov haqqında çox danışmaq olar. Onu çox xoşbəxt bəstəkar hesab etmək olar, çünki əsərləri nəinki Azərbaycanda, bütün dünyada tanınır, bütün konsertlərdə onun əsərləri səslənir. Dahi bəstəkar Azərbaycan baletini bir addım daha irəliyə aparmışdır. “1001 Gecə” nağıllarını dünyaya tanıtmışdır. O, daha sonra çıxışının davamında Fikrət Əmirov haqqında xatirələrindən bəhs edərək bildirmişdir ki, bəstəkar dünyasını dəyişsə də, daima yaddaşlarda yaşayan insanlardandır.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək diqqətə çatdırmışdır ki, Fikrət Əmirov adı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün vacib bir addır. 22 noyabr tarixi Fikrət Əmirovun anadan olduğu tarixdir. Dahi Üzeyir Hacıbəyovdan sonra Fikrət Əmirov, Qara Qarayev kimi bəstəkarlar öz üslublarını yaradan bəstəkarlardır. O, qeyd edib ki, Fikrət Əmirov yeganə bəstəkardır ki, onun yaradıcılığında zəif janr yoxdur.
Xaiq artisti, görkəmli tarzən Ramiz Quliyev dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun həmişə musiqi tariximizdə yaşayacağını qeyd edərək F.Əmirovla Gəncədə ilk görüşlərindən, məhz onun xeyir-duası ilə sənətə gəlməsindən, onunla səmimi söhbətlərindən və ifaçılıq sənətinin zirvələrinə gedən yolunda daima onun yaradıcılığından və tövsiyələrindən bəhrələndiyini söyləmişdir.
Tədbirin davamında K.Tahirov qeyd edib ki, Milli Kitabxana daima Azərbaycan bəstəkarlarının əsərlərini araşdırıb çap etdirir və bu iş davamlı olacaq. O, vurğulayıb ki, Fikrət Əmirov haqqında dərc edilən bu kitablar bütün Bakı şəhərinin musiqi məktəblərinə göndərilir. Direktor 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Milli Kitabxananın Musiqi şöbəsində olduğunu və buranı Qızıl Fond adlandırdığını söyləmişdir.
Xalq artisti Ramiz Quliyev çıxış edərək Kərim müəllimə təşəkkür edib. O, bildirib ki, Fikrət Əmirov əsərləri ilə dahiləşib, ilahiləşib. O, daima xalqla, xalq üçün yaşayıb yaratmışdır. Dahi bəstəkarın mahnılarına baxdıqda o əsərlərin gözəlliyini hiss etmək olar. O, qeyd etmişdir ki, Fikrət Əmirovun əsərlərini daima sevə-sevə ifa etmişdir.
Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev dərc olunan kitabların təqdimatında iştirak etməyin sevindirici hal olduğunu söyləmiş, belə bir dahi bəstəkarın dünya mədəniyyət tarixi üçün böyük töhfə olduğunu vurğulamışdır.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov öz çıxışında bildirib ki, dahi bəstəkarın ata yurdu olan Gəncədə anadan olduğu üçün qürur hissi keçirir. O, bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən Fikrət Əmirovun yubileyi ilə bağlı bu il ərzində Bakı və Gəncə şəhərində silsilə tədbirlər həmçinin bəstəkarın doğum günü ərəfəsində “Fikrət Əmirov 100” musiqi festivalı və UNESCO-da möhtəşəm konsert təşkil edilmişdir.
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev öz çıxışında not məcmuələrinin nəşrinə görə əməyi kəçən hər kəsə təşəkkür edərək, bunun çox əhəmiyyətli iş olduğunu vurğulamışdır.
Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə nəşr olunan kitabı vərəqləyərək heyrətləndiyini və bu işin çox məsuliyyətli, çətin iş olduğunu bildirmişdir.
Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov öz çıxışında kitabxana rəhbərliyinə təşəkkür edərək, bu işin çox fərəhli bir iş olduğunu bildirib. Qeyd edib ki, biz hamımız onun əsərləri ilə böyümüşük.
Professor Zümrüd Dadaşzadə çıxışında qeyd etmişdir ki, dahi bəstəkar Fikrət Əmirovun yubileyi ilə əlaqədar nəşr olunan kitablar içərisində Milli kitabxananın nəşr etdiyi bu biblioqrafiya xüsusi əhəmiyyət kəsb edir. Burada dahi bəstəkarın yaradıcılığı tam şəkildə öz əksini tapıb. Ən başlıcası isə bu kitab biz musiqişünas alimlər üçün çox gərəklidir. Burada bizim üçün çox vacib materiallar öz əksini tapıb, hətta xarici milli kitabxanalarda olanlar da. Mən sizi təbrik edirəm Kərim müəllim, bu işdə əməyi keçənlərə çox-çox təşəkkür edirəm. Çox sağ olun. Mən sizin tərtib etdiyiniz not nəşrlərini də yüksək qiymətləndirirəm, siz Fikrət Əmirov kimi dahi şəxsiyyətləri yaşadırsınız. Fikrət Əmirov haqqında isə saatlarla deyil, günlərlə danışmaq mümkündür. Azərbaycan musqisi yaşadıqca Fikrət Əmirov yaşayacaqdır, hələ neçə-neçə nəsillər onu sevə-sevə tədqiq edəcəklər və ondan bəhrələnəcəklər.
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sərdar Fərəcov bildirmişdir ki, biz dahi bəstəkarın musiqiləri ilə böyümüşük və onun müasirləri xoşbəxtdirlər ki, onun yaradıcılığından işıq alıblar.
Sonda dahi bəstəkarın qızı Sevil Əmirova çıxış edərək yüksək səviyyəli tədbirin təşkilinə və faydalı nəşrlərə görə kitabxana rəhbərliyinə və qonaqlara təşəkkür etmişdir.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan və “Rəsmi sənədlər”, “Fikrət Əmirovun musiqi dünyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Fikrət Əmirov haqqında”, “Əsərləri”, “Fikrət Əmirovun fikirləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatları”, “Fotoqalereya” bölmələrindən ibarət olan “Fikrət Əmirov” adlı elektron məlumat bazası da iştirakçılara təqdim olunub.
Sonda tədbir iştirakçıları Fikrət Əmirovun əsərlərindən və haqqında yazılmış ədəbiyyatdan ibarət geniş kitab sərgisi ilə tanış olublar.