11-02-2025
Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədov 11 fevral 1920-ci ildə Bakı şəhərində anadan olub və orta təhsilini 25 nömrəli məktəbdə alıb. Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsini bitirib.
İlk məqaləsi tələbə ikən “Müəllim qəzeti”nin 13 may 1938-ci il nömrəsində çap olunub.
Geniş və hərtərəfli elmi dünyagörüşünə malik olan Əziz Mirəhmədov 1955-ci ildə “Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1976-cı ildə “Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuat məsələləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.
Əziz Mirəhmədovun bir mətnşünas alim olaraq əsas fəaliyyəti XIX əsrin sonu – XX əsrin əvvəlində yaşayıb-yaradan mütərəqqi şəxsiyyətlərin ədəbi irsini tədqiq edib öyrənmək, tərtib etmək və çap etdirmək olub. O, “M.F.Axundov” (1953), “Abdulla Şaiq” (1956), “Sabir” (1958), “Məhəmməd Hadi” (1962 və 1981), “Azərbaycan Molla Nəsrəddini” (1980), “Satirik gülüşün qüdrəti” (1981), “Ağlar güləyən” (1989) monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. kitablar, monoqrafiyalar, oçerklər, neçə-neçə dəyərli elmi əsərlər yazaraq elmi ictimaiyyətə təqdim edib.
Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görüb. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir.
Əziz Mirəhmədov yüksək ixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf edib.
Milli Kitabxanada “Əməkdar elm xadimi Əziz Mirəhmədov – 105” virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə ədəbiyyatşünas alim Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, elmi tədqiqatları, elmi fəaliyyəti haqqında Azərbaycan və rus dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Emekdar_elm_xadimi_Eziz_Mirehmedov/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgida Milli ədəbiyyatımızın görkəmli tədqiqatçısı Əziz Mirəhmədovun sanballı elmi tədqiqatları, transliterasiya və tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı, həyat-fəaliyyəti və elmi yaradıcılığı haqqında Azərbaycan və rus dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.