close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin M.F.Axundzadə adına Milli Kitabxana ilə birgə nəşr etdiyi “Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatina” not məcmuəsinin təqdimat mərasimi keçirilib

22-11-2022

Noyabrın 22-də Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun 85 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin M.F.Axundzadə adına  Milli Kitabxana ilə birgə nəşr etdiyi “Emin Sabitoğlu. Biblioqrafiya” kitabının və “Emin Sabitoğlu. Sonatina” not məcmuəsinin təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, bildirib ki, bu gün çox gözəl bir tədbirə – görkəmli Azərbaycan bəstəkarı, mahnıları ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada tanınan Emin Sabitoğlunun 85 illik yubileyi ilə əlaqədar tədbirə toplaşmışıq. Vurğulayıb ki, Emin Sabitoğlu gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası kimi Azərbaycan musiqisinə öz adını qızıl hərflərlə yazdırıb. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə dillər əzbəri olub, həm Azərbaycanda, həm də ölkə xaricində yayılıb.  Direktor qeyd edib ki, görkəmli bəstəkar 600-dən artıq mahnının müəllifidir, 40-dan artıq filmə musiqi yazmışdır, 9 musiqili komediya yazmışdır və oxuculara təqdim edilən biblioqrafiyada “Emin Sabitoğlunun həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Emin Sabitoğlu haqqında” bölmələri, sənətkarın bəstələdiyi musiqi əsərləri, çoxsaylı Azərbaycan filmlərinə bəstələdiyi mahnılar, səs yazıları, həyat və yaradıcılığı haqqında kitablar, dissertasiya və avtoreferatlar, dövri mətbuatda, məcmuələrdə Azərbaycan, rus və digər dillərdə çap olunan məqalələr toplanıb. 820-dən çox mənbəni əks etdirən vəsaitdəki materiallar 1955-2022-ci illəri əhatə etməklə bölmələr üzrə xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir. Biblioqrafiyanın “Əlavələr” bölməsində Emin Sabitoğlunun mahnılarının, musiqi bəstələdiyi teatr tamaşalarının siyahısı öz əksini tapıb.

Natiq bildirib ki, hər iki əsər və hazırlanmış elektron məlumat bazası tammətnli olaraq kitabxananın saytı vasitəsilə dünya oxucusunun istifadəsinə təqdim olunub.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli kitabların ərsəyə gəlməsinə görə kitabxananın rəhbərliyinə təşəkkür edib, ümumiyyətlə biblioqrafiyaların tərtibində Milli Kitabxananın xüsusi rolunu vurğulayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Emin Sabitoğlu haqqında ilk məqalənin özünə məxsus olduğunu və 1960-cı ildə Moskvada dərc edildiyini söyləmiş, hafizəsində böyük bəstəkarın gözəl xatirələrlə qaldığını, əsərlərində mahnı ilə sözlərin vəhdət təşkil etdiyini, melodiyalarının hər zaman dəyərli olduğunu, gələcək bəstəkarlar nəsli üçün böyük örnək sənətkar olduğunu söyləyib.

Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, Xalq artisti, hər iki kitabın ön söz müəllifi və redaktoru Sərdar Fərəcov Emin Sabitoğlunun bütün mahnılarının sevildiyini, hər zaman arzuolunan, müraciət olunan bəstəkar olduğunu söyləyib, 22 ildir həyatda olmamasına baxmayaraq bu gün də hafizələrdə yaşadığını, milli musiqi xəzinəmizdə xüsusi yerinin olduğunu bildirib.

Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova XX əsrdə yaradılmış musiqi əsərlərini milli musiqi mədəniyyətimizin fundamenti adlandırıb, Emin Sabitoğlunun yaradıcılığında mahnı janrının üstün yer tutduğunu qeyd edib, dahi bəstəkarın musiqi təfəkkürümüzə, musiqi hafizəmizə əbədi yazıldığını söyləyib, bildirib ki, onun bəstələdiyi kino musiqiləri o dövrün aurası haqqında bizə zəngin məlumat verir. Kitabxananın rəhbərliyinə kitabların ərsəyə gəlməsinə görə, vaxtaşırı ənənə halını alan bu cür tədbirlərin təşkilinə görə təşəkkür edən natiq, bu əsərlərin dahi sənətkarın yubileyinə böyük töhfə olduğunu diqqətə çatdırıb.

Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə bəstəkarın ömrünün sonlarına yaxın Türkiyəyə getdiyini və hər zaman iki ölkə arasında bu istiqamətdə əlaqələrin inkişafına çalışdığını söyləyib, zəngin yaradıcılığı ilə xalq tərəfindən sevildiyini və hər zaman əsl sənətkar kimi yaradıcılığının öz qiymətini qoruyub saxladığını vurğulayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev Emin Sabitoğlunun ürəyə yatan, ruhu oxşayan musiqiləri ilə xalqın yaddaşında daim yaşadığına diqqət çəkərək bu gün və son zamanlar nəşr etdiyi musiqi əsərlərinə görə Milli Kitabxanaya və onun rəhbərliyinə xüsusi təşəkkür etmiş və Bakı musiqi və incəsənət məktəblərinə bu çap məhsullarının geniş istifadə edildiyini vurğulayaraq bu uğurlu işlərin davamlı olmasını arzulayıb.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov böyük bəstəkarın 85 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərdən biri olan bugünkü kitab və not məcmuəsinin hazırlanması və nəşrinə görə kitabxana rəhbərliyinə təşəkkür edib, “Sonatina” əsərinin ali məktəb, kollec və musiqi məktəblərində işləndiyini və kitabxananın bu nəşrlərindən istifadə olunduğunu söyləyib.

Tədbirin davamında Xalq artisti Zamiq Əliyev, yazıçı, dramaturq, professor Əli Əmirli, Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və digərləri çıxış ediblər.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Emin Sabitoğlu” Elektron məlumat bazası da iştirakçılara təqdim olunub.

Tədbirin gedişi boyunca gənc ifaçılar Bəxtiyar Quliyev “Sahillər”, Elmira Atapur “Sən mənimsən”, Sərvər Yılmaz “Bir axşam taksidən”, Aytac Fərəcova “Fikir eləmə” adlı mahnıları ifa ediblər.

Tədbirin sonunda Emin Sabitoğlunun qızı ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran xanım Mahmudova çıxış edərək bu günki tədbirin təşkilinə, həmçinin təqdimatı keçirilən kitabların nəşrinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, başda Kərim Tahirov olmaqla Milli Kitabxananın bütün kollektivinə, eləcə də çıxış edən hər kəsə öz təşəkkürünü bildirib. Həmçinin, tədbirdə iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivinə, çıxış edən tələbələrə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, ötən əsrin 50-70-ci illəri Azərbaycan musiqi sənətinin qızıl dövrlərindən biri idi. Bəstəkarı dövr, zaman, mühit yetişdirir. Hər zamanın öz gözəl bəstəkarları var. Nə xoşdur ki, Emin Sabitoğlu da Azərbaycanın görkəmli bəstəkarlarından biri olmuşdur. Ümid edirəm ki, bu mühit yenidən canlanacaq, yeni-yeni gözəl əsərlər yaranacaq.

Sonda tədbir iştirakçıları Emin Sabitoğlunun əsərlərindən və haqqında yazılmış ədəbiyyatdan ibarət geniş kitab sərgisi ilə tanış olublar.

 

icon

Foto qalereya