25-05-2018
May ayının 25-də Əli bəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası Salyan Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi, ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadəyə həsr olunmuş “İstiqlal aşiqi” adlı dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən Əli bəy Hüseynzadənin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar. Tədbir iştirakçıları daha sonra rəsm sərgisi, həmçinin Əli bəy Hüseynzadə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında Azərbaycan Milli Kitabxanasının fondunda olan kitablardan ibarət “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı geniş sərgi ilə, eləcə də Əlibəy Hüseynzadənin Türkiyədən gətirilərək Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının foto sərgisi ilə tanış olmuşlar. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamış, tədbiri giriş sozü ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov açaraq qonaqları salamlamış, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə tutduğu mövqeyindən danışmış, vurğulamışdır ki, ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir bir dövlət kimi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbiri aparmaq üçün söz Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirova verilmişdir. Professor 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti, xalqımıza, onun tarixinə və bu gününə verilən ən gözəl dəyər olduğunu söyləmiş, qeyd etmişdir ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Cümhuriyyətin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. Direktor bu tədbirin Salyan şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Əli bəy Hüseynzadənin bu torpağın övladı olduğunu demişdir.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev tədbirdə çıxış edərək söyləmişdir ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada və xaricdə dövlət səviyyəsində geniş qeyd edilir. Bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi silsilə tədbirlər təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Ölkəmiz 1991-ci ildə müstəqilliyinə qovuşaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz inkişaf yolunu seçdi. Bu yolda ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi. Cənab nazir çıxışının sonunda Əli bəy Hüseynzadənin öz əli ilə çəkdiyi rəsm əsərini Əli bəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyinə hədiyyə etmişdir.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, “Əli bəy Hüseynzadə” mükafatı laureatı, akademik Nizami Cəfərov çıxışında Şərqin böyük elm xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin böyük ideoloqu Əli bəy Hüseynzadənin türkləşmə, islamlaşma, müasirləşmə kimi ideoloji triadanın müəllifi olduğunu söyləmiş və bu ideoloji triadanın bayrağımızda da öz əksini tapdığını qeyd etmişdir. O, Əli bəy Hüseynzadənin nəinki Azərbaycanda, bütün türk dünyasında geniş tanındığını, onun irsinin bütün türkdilli ölkələrdə həvəslə öyrənildiyini xüsusilə vurğulayaraq bütöv türk dünyasının ideoloqu səviyyəsinə yüksəldiyini söyləmişdir.
Milli Məclisin üzvü Fəzail Ağamalı söyləmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Tarixçilərə bu istiqamətdə verilən tövsiyələrlə yanaşı, Bakıda “İstiqlal” abidəsinin ucaldılması, hər il may ayının 28-də Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi Prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir.
Milli Məclisin üzvü Əliağa Hüseynov öz çıxışında söyləmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
“Ədəbiyyat” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Azər Turan isə çıxışında türkçülüyün qurucusu, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının, Azərbaycan rəssamlığında dəzgah boyakarlığının banisi, “Həyat” qəzetinin, "Füyuzat" dərgisinin baş redaktoru, Türkiyədə “İttihad və Tərəqqi” partiyasının yaradıcılarından biri, ideoloq, tibb professoru, Türk Dünyasının ilk ensiklopedik tibb lüğətinin tərtibçisi, riyaziyyatçı, şair, ədib, publisist Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından, mübarizə yolundan danışmışdır. O, qeyd etmişdir ki, Əli bəy Hüseynzadə milli kimliyini aşılayan ilk böyük şəxsiyyətlərdəndir, “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsi ilə türk xalqlarının etnoqrafik xəritəsini cızmışdır. Azər Turan çıxışının sonunda Əli bəy Hüseynzadəyə məxsus əşyaların və sənədlərin Türkiyədən Azərbaycana gətirilərək Azərbaycan İstiqlal Muzeyinə verilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevə və Əli bəy Hüseynzadə irsinin öyrənilməsinə və onun əsərlərinin nəşrinə verdiyi dəstəyə görə Təfəkkür Universitetinin rektoru prof. Rahim Hüseynova “Əli bəy Hüseynzadə” mükafatlarını təqdim etmişdir.