close
icon E-kataloq və kitabxana

Eleonora Borisovna Kantemirin“Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi

11-07-2018

İyul ayının 11-də Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları və tədbir iştirakçılarını salamlamışdır. Direktor Kərim Tahirov Dimitr Kantemir haqqında qısa məlumat verərək onun böyük yazıçı, dövlət xadimi, alim olduğunu bildirmiş və qədim Türk, Osmanlı musiqisinə böyük töhfələr verən bir bəstəkar olduğunu qeyd etmişdir. Həmçinin direktor onu da qeyd etmişdir ki, Dimitri Kantemirin İstanbulda olarkən yaşadığı evlərdən biri 2007-ci ildə restovrasiya edilərək muzey olaraq fəaliyyət göstərməyə başlamışdır.

Kitab haqqında qısa məlumat verən direktor Kərim Tahirov daha sonra sözü Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan İankuya vermişdir. Cənab səfir Dimitri Kantemirin böyük bir şəxsiyyət olduğunu qeyd edərək, onun dövrün tanınmış tarixçi, alim və musiqiçisi olduğunu vurğulamışdır. O həmçinin bildirmişdir ki, Dimitri Kantemirin Osmanlı imperiyası dövründə klassik Türk musiqisinə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.

Daha sonra söz kitabın müəllifi Eleonora Kantemirə verilmişdir. Xanım Eleonora Borisovna Kantemir Bakıda əvvəllər də bir neçə dəfə olduğunu bildirərək, şəhərimizi çox bəyəndiyini, onun daha da inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd etmişdir. Qonaq həmçinin insanların çox mehriban və ürəyiaçıq olduğunu və onu xoş qarşıladıqlarını xüsusilə vurğulamışdır.

Müəllif kitabda öz qədim Kantemirlər sülaləsinin keçmişdən bugünə qədər olan tarixini anlatdığını və kitabı yazarkən apardığı araşdırmalar zamanı Kantemirlər nəsli haqqında maraqlı məlumatlar əldə etdiyini bildirmişdir. Ən maraqlısı isə odur ki, o, yarım əsr sonra Bakıda onunla eyni adı daşıyan bacısını tapdığını və buna görə Azərbaycanın, Bakının onun üçün doğma bir yer olduğunu bildirmişdir. Daha sonra çıxış edən müəllifin bacısı Eleonora Kantemir də həmçinin Azərbaycanı çox sevdiyini və doğma vətəni olaraq gördüyünü qeyd edərək buranı heç vaxt tərk etməyəcəyini vurğulamışdır.

Sonda müəllif tədbirin təşkili üçün Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevə, Milli Kitabxananın direktoru professor Kərim Tahirova və tədbirin təşkilində əməyi keçən hərkəsə öz dərin təşəkkürünü bildirmişdir.

Tədbirin sonunda direktor Kərim Tahirov Milli Kitabxana haqqında 3 dildə yazılmış (Azərbaycan, ingilis və rus dillərində) “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitabını və Azərbaycanın tarixi abidələrinin qeyd olunduğu xəritəni qonağa hədiyyə etmişdir. Xanım Eleonora Kantemir isə öz növbəsində təqdimatı keçirilən kitabdan Milli Kitabxananın fonduna hədiyyə etmişdir.