15-02-2025
Azərbaycan şairi, qəzəl ustadı, Əməkdar incəsənət xadimi Əlağa Məmmədqulu oğlu İsgəndərov (Əlağa Vahid) 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub.
Əlağa Vahid Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. O, Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.
İlk kitabının adı “Tamahın nəticəsi” olub.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.
Əlağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
44 günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının sözləri də Əlağa Vahidə məxsusdur.
Milli Kitabxanada söz xiridarı Əlağa Vahidin anadan olmasının 130 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Əlağa Vahid - 130” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə qəzəlxanın qəzəlləri, tərcümələri, redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, qəzəllərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.