close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

17-02-2025

Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, Füzuli ənənələrinin davamçısı olan Əlağa Vahidin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış  “Böyük qəzəl ustadı Əlağa Vahid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. O, milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Azərbaycan şeirinin müxtəlif növlərində, o cümlədən istər əruz, istərsə də heca vəznində eyni ustalıqla yazan Əlağa Vahid öz məharətini ayrı-ayrı mövzularda qələmə aldığı qəzəl və şeirlərinin nümunəsində dəfələrlə sübut etmişdir. Əlağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin  şirinliyini  özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.

Virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eliaga_Vahid/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya