close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əhməd Cavad – 130” adlı elektron daycest onlayn formada istifadəçilərə təqdim olunub

30-09-2022

2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.

Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda bildirildiyi kimi “Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.”

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Cavad – 130” adlı elektron daycest hazırlanıb. Təqdim olunan daycestdə - (“digest”- ingilis dilindən tər­cümədə “xülasə”, “toplu” mənasını verir) Əhməd Cavad ilə bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunmuşdur.

Elektron daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini şairin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarət­dir. Elektron daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.

Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/E.Cavad_daycest.pdf linkindən istifadə edə bilərlər.