close
icon E-kataloq və kitabxana

Brüssel görüşü nüfuzlu beynəlxalq təşkilatın konstruktiv əməkdaşlığa dəstəyini nümayiş etdirir

09-04-2022

Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı.

İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu.

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın regionda əməkdaşlıq, o cümlədən kommunikasiya əlaqələrinin bərpası, Zəngəzur dəhlizinin açılması istiqamətində təklif və təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməyə başlandı. Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar, 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatlarında əksini tapmış kommunikasiyalarla bağlı məsələyə Avropa İttifaqı da öz dəstəyini ifadə etdi.

Brüsseldə üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır.

Ermənilərin ən çox siyasi manevrlər etmək istədiyi məsələ Zəngəzur dəhlizidir. Onlar danışıqlar zamanı bu dəhlizin açılması ilə özlərinə birtərəfli dividendlər əldə etmək istəyirdilər. Lakin bu məsələdə də Pezident İlham Əliyevin mövqeyi qəti idi.

Brüssel danışıqlarında Ermənistan öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Azərbaycan və Ermənistan liderləri dəmir yolu ilə yanaşı, Zəngəzur dəhlizindən keçən magistral yolun inşası məsələsini də müzakirə etdilər. Bu məsələ reallaşandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti mümkün olacaq. Zəngəzur dəhlizinin açılması, digər kommunikasiya əlaqələrinin bərpası istiqamətində Azərbaycanın atdığı addımlar regionda sülh və əməkdaşlığa ölkəmizin verdiyi mühüm töhfədir və bu,  Avropa İttifaqı tərəfindən də tam dəstəklənir.

Cari il aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla növbəti görüşləri və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilir.

Brüssel görüşü Paşinyan və onun Qərbdəki havadarlarının Qarabağ probleminin həll olunduğunu, geriyə yol qalmadığını və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacağını çox yaxşı bildiklərini sübut etdi.

Görüşün nəticələri onu deməyə əsas verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar, sülh razılaşması üçün irəli sürdüyü 5 maddədən ibarət təklifi həm Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Bu isə o deməkdir ki, regionda sülh prosesləri Azərbaycanın irəli sürdüyü gündəlik əsasında aparılır.

Cənab Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı Bəyanatından aydın olur ki, konkret məsələlərlə bağlı artıq konkret razılaşmalar əldə olunub. Bunlardan birincisi Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini vurğulayan Aİ Prezidenti bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını qeyd edib. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir.

Brüssel görüşündə diqqət mərkəzində olan məsələlərdən biri Azərbaycanın Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamaq üçün qarşı tərəfə göndərdiyi beş bənddən ibarət təklifin müzakirəsidir. Xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.

Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulmuşdur. Prezident Şarl Mişel bəyanatında etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulamışdır. Aİ-nin, həmçinin, ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcəyi vurğulanmışdır.

Brüssel görüşündə diqqət çəkən məqamlardan biri Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması məsələsinin müzakirəsi olub.

Həm görüşdə, həm də Bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun adının keçməməsi də mühüm məqam kimi vurğulanmalıdır. Məhz Azərbaycan Prezidenti “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını, bu ifadədən artıq istifadə edilmədiyini bəyan edib.

Brüssel görüşü İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsidir. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.

Brüssel görüşü və Ermənistan XİN-in səsləndirdiyi bəyanat deməyə əsas verir ki, İrəvan da artıq anlayır ki, hazırki ağır vəziyyətdən çıxmaq, inkişaf etmək, iqtisadiyyatını gücləndirmək üçün yeganə seçim məhz Azərbaycanın təklif etdiyi sülh müqaviləsini qeyd-şərtsiz qəbul etməkdir.

Brüssel danışıqları bir daha onu təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan Ermənistanın bütün əsassız iddialarından əl çəkməklə bölgədə sülh mühitinin formalaşmasına qoşulmaqdan başqa çıxış yolu qalmır.

4 saat yarımdan artıq davam etmiş Brüssel görüşü belə nəticəyə gəlməyə əsas verir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Həm birinci, həm də ikinci Brüssel görüşünün yekunları onu deməyə əsas verir ki, artıq müəyyən irəliləyişlərə nail olunub. Cəmi iki görüş əsasında müsbət fikir söyləməyin əsas səbəbi isə əvvəlki təşəbbüskarlar və vasitəçilərdən fərqli olaraq, Avropa İttifaqının tərəfsizliyi, qərəzsizliyi və beynəlxalq hüququ olduğu kimi qəbul etməsidir. Məhz bu səbəbdən Azərbaycan da bu formata üstünlük verir.

Prezident Mişel gərginliklərin aradan qaldırılmasında yaxından çalışdığını, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bildirdi. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının (Aİ) da marağındadır və üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

                                                                                                                             Ədibə İsmayılova                                                                                                                           

                                                                                                                      Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı “Xəqani 57” ərazi partiya təşkilatının sədri