25-08-2023
Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın müxtəlif sahələrində, həmçinin musiqi yaradıcılığı sahəsində qiymətli sərvətlər meydana gətirmişdir. Muğam dünya musiqi xəzinəsinin incisidir. Xalqımız üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan sənət nümunəsidir.
Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə dövlət tərəfindən xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələr müstəsna rol oynayır. O, muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.
7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Beynəlxalq Azərbaycan Muğamı günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Azərbaycan muğamı ilə bağlı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fikirləri, mövzu ilə bağlı fotolar, Azərbaycan muğamının tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm linkindən istifadə edə bilər.