03-07-2018
3 iyul 2018-ci il tarixində Bərdə Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin 08.06.2018-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması və kitabxanalarda yeni texnologiyaların tətbiqi məqsədilə “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda regional seminar-treninqin açılışı olmuş, həmçinin Azərbaycan Milli Kitabxanasının son 5 il ərzində nəşr etdiyi biblioqrafik və metodik vəsaitlərin, tövsiyələrin təqdimat sərgisi təşkil olunmuşdur.
Tədbiri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev açaraq qonaqları salamlamış və belə tədbirlərin regionlarda keçirilməsinin böyük əhəmiyyət daşıdığını, yerlərdəki mədəniyyət ocaqlarının və xüsusilə kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsində vacib rol oynayacağını söyləmiş, Bərdə Regional Mədəniyyət İdarəsinin bütün kollektivi adından belə bir tədbirin Bərdədə keçirilməsi barədə əmr verdiyinə görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevə və bu tədbirin reallaşdırılmasında fəal iştirak edən Azərbaycan Milli Kitabxanasının, Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliklərinə öz təşəkkürünü bildirmişdir.
Çıxış üçün ilk söz verilən Milli Kitabxananın direktoru prof. Kərim Tahirov bu tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və respublika əhəmiyyətli təşkilatların, idarə və müəssisə rəhbərlərinin yerlərdəki müəssisələrin işçiləriilə, vətəndaşlarla tez-tez görüşmələrinin vacibliyi barədə ötən ilin son kollegiya iclasında cənab nazirimiz Əbülfəs Qarayevin mədəniyyət ocaqlarının rəhbərlərinin görkəmli adamlarla yerlərdə tədbirlər keçirilməsini vacibliyi barədə çağırışına əsasən keçirildiyini bildirmişdir.
Eyni zamanda bu gün burada daha bir vacib tədbirin - Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə birlikdə “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda regional seminar-treninqin də keçirildiyini xüsusi vurğulayan K.Tahirov bu treninqin də İxtisasartırma Mərkəzi ilə Milli Kitabxana arasında imzalanan müqaviləyə əsasən hər il yerlərdə region kitabxana işçiləri üçün təşkil edildiyini bildirərək, təcrübəli müəllimlərin mövzu ilə bağlı mühazirələrinin dinləniləcəyi və təcrübi məşğələlərin aparılacağını, habelə Milli Kitabxananın son 5 il ərzində nəşr etdirdiyi çoxlu sayda biblioqrafik və metodik vəsaitlərinin təqdimatının da keçiriləcəyini və onların kitabxana işçilərinə paylanılacağını bildirmişdir.
Sonra söz Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru Ramazan Şabanova verilmişdir və o, bu tədbirin Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin 08.06.2018-ci il tarixli əmrinə əsasən keçirildiyini, innovasiyaların kitabxanaların iş təcrübəsinə tətbiqinə dair faydalı mövzular üzrə mühazirə və məsləhətlərin verilməsi baxımından təcrübəli müəllimlərin iştirakı ilə keçirilməsinin vacib əhəmiyyət kəsb etdiyini, gələcəkdə də bu işin davam etdiriləcəyini söyləmişdir.
Növbəti çıxışçı, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid belə bir vacib tədbirə onların da dəvət olunmalarından məmnun olduqlarını bildirmiş, özünün, həmçinin yaxın dostları və həmkarları olan Pərvin, Fərid Hüseyn və Cavid Zeynallının əsərlərini təbliğ edən, oxucularla aralarında körpü yaradan kitabxanaçılar qarşısında çıxış etməyin xüsusi şərəf olduğunu söyləmişdir. Sonda Rəşad Məcid və gənc yazıçı və şairlər Fərid Hüseyn və Cavid Zeynallı öz şeirlərini oxumuş və kitablarını təqdim etmişlər.
Tədbirin sonunda Milli Kitabxananın son 5 il ərzində nəşr etdirdiyi 40-dan artıq biblioqrafik və metodik materialların, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanaraq çap olunmuş Ulu Öndər Heydər Əliyevə, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevaya, akademik Ramiz Mehdiyevə, görkəmli ədib Mir Cəlala, ictimai-siyasi xadim, yazıçı və ədəbiyyatşünas alimlər Əziz Əliyevə, Yusif Vəzir Çəmənzəminliyə, Prof. Bülbülə, Xəlil Rza Ulutürkə, Qəzənfər Paşayevə, Molla Pənah Vaqifə və digərlərinə həsr olunmuş fundamental biblioqrafiyalardan ibarət sərgi tədbir iştirakçılarına təqdim olunmuşdur.