close
icon E-kataloq və kitabxana

“Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı kitab sərgisinin açılış mərasimi

05-05-2018

May ayının 5-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı kitab sərgisinin açılış mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlamış, ulu öndərin dövlətçiliyimizin inkişafındakı tarixi rolundan danışmışdır. Kitabxananın direktoru söyləmişdir ki, Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı və ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini  Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmış, xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamışdır. Professor qeyd etmişdir ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Həmçinin milli mədəniyyətimizin bütün sahələrinin inkişafı və təbliğində, ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Direktor Milli Kitabxana tərəfindən dahi şəxsiyyət ilə bağlı sanballı biblioqrafiyanın hazırlandığını, ulu öndərin yubileyi ilə əlaqədar bir neçə tədbirin keçiriləcəyini söyləmiş, onun ideyalarını əks etdirən, həmçinin ümummilli liderin irsinin araşdırılması yönümündə yazılmış fundamental tədqiqat əsərlərinin təbliği istiqamətində fəaliyyət göstərdiklərini qeyd etmişdir.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək demişdir ki, Heydər Əliyev bütün dövrlərin dühası olaraq müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyevin hakimiyyətə gəlməsi dövlətçiliyimizlə yanaşı, mədəniyyətimizi, ədəbiyyatımızı da tənəzzüldən qorumuşdur və ümummilli liderin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Natiq söyləmişdir ki, ulu öndər 4 dəfə Milli Kitabxanada və 4 dəfə BDU-da olmuşdur ki, bu da onun kitaba, kitabxanaya, təhsil və mədəniyyətə olan diqqət və qayğısının təzahürü idi. O, söyləmişdir ki, bu gün Milli Kitabxana ulu öndərin ideyalarını, dövlətin  prinsiplərini uğurlu şəkildə həyata keçirir.

Milli Kitabxananın direktor müavini, YAP Milli Kitabxana ilk ərazi təşkilatının sədri Ədibə İsmayılova çıxışında söyləmişdir ki, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan vermişdir. Onun mədəniyyətimizin inkişafında bir siyasətçi və milli lider kimi misilsiz rolundan danışan direktor müavini qeyd etmişdir ki, bu gün dahi şəxsiyyətin ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. 

Tədbirin sonunda professor Kərim Tahirov çıxış edərək ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyət siyasətindəki rolunu, habelə birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan və dünya mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərini qeyd etmiş, bütün qonaqlara iştiraka görə təşəkkür etmiş və onları “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı ulu öndərin əsərləri və haqqında yazılmış müxtəlif dillərdə olan ədəbiyyatlardan ibarət geniş kitab sərgisi ilə tanış olmağa dəvət etmişdir. 300-dək kitabın yer aldığı kitab sərgisi on gün ərzində ziyarətçilər üçün açıq olacaq.