close
icon E-kataloq və kitabxana

Avqust ayının 1-də Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilmişdir

01-08-2022

Avqust ayının 1-də Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq qonaqları salamlamış, bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruduğumuzu vurğulamış, dərin tarixi kökləri olan öz dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik etmiş, Azərbaycan xalqının əlifbasının tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qaldığını, bu gözəl günün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirmişdir. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar haqqında danışmış, varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləmişdir.

Direktor müavini sovetlər dönəmində yaranmış müəyyən maneələrə baxmayaraq, sarsılmaz milli təməlləri olan Azərbaycan dilinin mövcudluğunu qoruya bildiyini, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz təsbitini tapdığını qeyd etmiş, Cənab Prezident İlham Əliyevin ana dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərdiyini, onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edildiyini vurğulamışdır.

Daha sonra Ümummilli Liderimiz Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən video təqdim olunmuşdur.

Kitabxananın Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva 20-ci əsrin əvvəllərində latın əlifbasına keçid məsələsinin Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildiyini, dilimizin əsrarəngizliyi haqqında çoxlu əsərlər yazıldığını bildirmişdir.

Milli Kitabxananın xüsusi qayğıya ehtiyacı olan oxucusu Zəkəriyyə Qurbanov “Nur Ocağı” Ədəbi Birliyi adından kitabxanaya tədbirin təşkilinə görə təşəkkürünü bildirmiş, “Zülməti dələn işıq” adlı kitabı kitabxanaya hədiyyə edərək onun elektronlaşdırılmasını xahiş etmiş və dilimizin saflığı haqqında şeirini söyləmişdir.

23 nömrəli tam orta məktəbin şagirdi Fidan Məmmədzadə Bəxtiyar Vahabzadənin “Ana dilim”, Milli Kitabxananın əməkdaşları Tərlanə Əliyeva “Ana dilim” adlı öz şeirini, Fidan Həsənova Oqtay Rzanın “Azərbaycan türkçəsidir mənim dilim” adlı şeirini səsləndirmişdir.

Sonda direktor müavini Ədibə İsmayılova sadə və ahəngdar ana dilimizdə yazılmış ən gözəl şeir örnəklərindən olan Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirmiş, “1 avqust - Azərbaycan Dili və Əlifbası Günü” adlı sərgi ilə tanışlıq olmuşdur.

Həmçinin, Azərbaycan Ədəbiyyatı və Azərbaycan Dili günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” adlı virtual sərgi hazırlanmış və ictimaiyyətə təqdim olunmuşdur. Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya