04-05-2023
Mayın 4-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Heydər Əliyev və Milli Kitabxana” kitabının təqdimat mərasimi keçirilib.
İlk öncə Ulu öndər Heydər Əliyevin 1995-ci il, iyunun 3-də ilk dəfə Azərbaycan Milli Kitabxanasına gələrkən minatür kitab sərgisinin açılışında və “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimində çıxışı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusiflinin, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun və başqalarının iştirak etdiyi tədbirdə qeyd edilib ki, professor Kərim Tahirovun müəllifi olduğu “Heydər Əliyev və Milli Kitabxana” adlı kitabda Ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya etdiyi bu 4 səfərindən, bu səfər zamanı kitab, kitabxana, mütaliə haqqında söylədiyi dahiyanə fikirlərdən, kitaba və kitabxanaçı əməyinə verdiyi yüksək dəyərdən bəhs olunur.
Kitabda həmçinin respublikamız üçün çox çətin günlərdə Ulu ödər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasının və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan onun ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, kitab və kitabxana işi sahəsində H.Əliyevin 90-cı illərdə əsasını qoyduğu ənənələrinin bugünkü təntənəsindən söhbət açılır.