Dekabr ayının 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Siyasi Sənədlər Arxivi və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi ilə tanış olmuşlar. Daha sonra Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Sonra Ulu Öndər Heydər Əliyev haqqında video film nümayiş olunmuş, xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Siyasi Sənədlər Arxivinin direktoru vəzifəsini icra edən Elmira Ələkbərova açıq elan edərək tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışmışdır.
Daha sonra söz Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova verilmişdir. O, dahi liderin kitaba olan sevgisindən, bağlılığından, kitabxanaya diqqətindən, hakimiyyəti müddətində vaxt ayırıb 4 dəfə Milli Kitabxanaya səfər etməsindən danışmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən bəhs etmişdir.
Tədbirin rəsmi hissəsi başa çatmış, bədii hissə Bakı Humanitar Kollecin “Ulu öndər” kompozisiyası ilə başlamışdır. 26 saylı Musiqi məktəbinin kollektivi “Heydər”, Bakı Humanitar Kollecin “Buta” rəqs ansamblı “Sən həmişə bizimləsən” kompozisiyaları ilə, Əməkdar artist İlkin Əhmədov “Alagöz”, Xalq artisti Niyaməddin Musayev “Sənsiz səhər açılmayır” adlı musiqilərlə, Binəqədi rayon sakini, gənc qiraətçi Rəsul Babayev “Sən elə bir zirvəsən” adlı şeir ilə çıxış etmişlər.