close
icon E-kataloq və kitabxana

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirildi.

03-05-2019

May ayının 3-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi Akademiyası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirildi.

İlk öncə tədbir iştirakçıları Dövlət Gömrük Komitəsi Akademiyasının foyesində təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgi ilə tanış oldular.

Tədbiri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov açaraq qonaqları salamladı. O, çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ictimai, siyasi həyatındakı xidmətlərindən, xüsusən təhsil sahəsində apardığı islahatlardan, Azərbaycanın sabahı olan gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açaraq bildirdi ki, bu günün gəncləri Ümummilli liderimizin həyat yolunu, irsini dərindən öyrənməli, onun seçdiyi yolu özlərinə nümunə seçməlidirlər.

Daha sonra Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov çıxış edərək Azərbaycan xalqının, dünya Azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyətimiz, Ümummilli lider Heydər Əliyev haqqında geniş söhbət açdı. Prof. Kərim Tahirov bildirdi ki, Ulu Öndər dörd dəfə Milli Kitabxanada olmuş və öz şəxsi kolleksiyasından ibarət kitabları kitabxanamıza hədiyyə etmişdir. O, çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyevin şəxsi kitabları haqqında “Bu kitabları mən yazmamışam, mənim oxuduqlarımdır. Arzu edirəm ki, gələcək nəsillər bu kitabları oxusunlar”. Professor çıxışında Heydər Əliyevin bu addımı ilə ziyalıların kitablarını kitabxanalara bağışlamaq ənənəsini yaratdığını, Ulu Öndərin əməllərin,  ideyalarının gənc nəsillər üçün örnək olduğunu söylədi.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan çıxış edərək Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq, onun böyük Azərbaycançı, böyük türkçü, vətənpərvər kimi yetişməsində oxuduqları kitabların rolunu vurğuladı. Knyaz Aslan bildirdi ki, bu gün sərgidə nümayiş olunan kitablar dahi liderimizin fundamental biliyə malik olmasının bariz nümunəsidir.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, banisi, Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyətindən danışdı.