close
icon E-kataloq və kitabxana

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Respublikasının Bişkek şəhərində 15-18 may tarixlərində keçirilən “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfransda iştirak edir

16-05-2019

May ayının 16-da Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Prezidentinin Şəhərkənarı Konfrans Mərkəzində 15-18 may tarixlərində keçirilən “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfransın Plenar İclasının açılışı olmuşdur.

Beynəlxalq Konfransın açılışında A.Osmanov adına Qırğızıstan Milli Kitabxanasının direktoru prof. Jıldız Bakaşova, Hökumətlərarası Şuranın sədr müavini və YUNESKO-nun “İnformasiya hamı üçün” Rusiya Komitəsi Proqramının sədri, Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəzinin prezidenti, pedaqoji elmlər namizədi Kuzmin Yevgeniy İvanoviç çıxış etmişlər.

Beynəlxalq Konfransa Rusiya, Belorus, Moldova, Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və digər ölkələrin kitabxanalarından nümayəndələr dəvət olunmuşdur.

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov və  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Qırğızıstan Prezidentinin Şəhərkənarı Konfrans Mərkəzində “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda keçirilən Beynəlxalq Konfransda iştirak etmişlər.

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası – Azərbaycan xalqının milli sərvətidir” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra “Yazılı mədəniyyət və kommunikasiya: dünən, bu gün və sabah”, “Təhsil sistemində mütaliə və kitab”, “Kitab, mütaliə və kitabxana” və “Mütaliə və kitab nəşrləri” seksiyaları üzrə məruzələrlə çıxışlar edilib.

“Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda beynəlxalq konfrans çərçivəsində 15-18 may tarixlərində bir sıra tədbirlər – Alıkul Osmanov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 85 illik yubileyi, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa və Qırğızıstan Kitabxana İşçilərinin XI Forumu keçiriləcək.

Tədbirlər Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin və MDB-nə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, A.Osmanov adına Qırğızıstan Respublikası Milli Kitabxanası, YUNESKO-nun Rusiya Komitəsi Proqramının  “İnformasiya hamı üçün” Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəzi, Qırğızıstan Respublikası Kütləvi Kitabxanaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.